Vidadi Xəlilovun şərəfinə bayram gecəsi keçirilib FOTO


Kriminal 26 Dek 2017 18:48:00 369 0

Vidadi Xəlilovun şərəfinə bayram gecəsi keçirilib  FOTO

Hazırda elmi-texniki tərəqqi əsrində insanlar elmin öz həyatlarında yerini və əhəmiyyətini xüsusilə aydın dərk edirlər, buna görə də alimin cəmiyyətin inkişafında rolunun artması məntiqlidir. Alimlər istənilən ölkənin fəxri və milli sərvətidir, müasir cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsidir. Məhz alimlər intelligensiyanın önündədirlər, yüksək mənəvi-əxlaqi keyfiyyətlərdə, Vətənə xidmətdə örnəkdirlər, bəşəriyyətin tərəqqisi naminə inkişafın rəmzidirlər.

Belə şəxsiyyətlərdən biri də tanınmış alim, Təhsil Problemləri İnstitutunun baş elmi məsləhətçisi, pedaqogika üzrə elmlər doktoru, professor, Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, ölkənin əməkdar müəllimi Vidadi Xəlilovdur. O, ömrünün 50 ilindən çoxunu estetika və estetik tərbiyə ideyalarının tədqiqinə və həyata keçirilməsinə həsr edib.

Son.az-ın məlumatına görə, 25 dekabr akademik Vidadi Xəlilovun 75 yaşı tamam oldu!

Bu əlamətdar hadisənin şərəfinə görkəmli alimlərin, mədəniyyət və elm xadimlərinin, yaradıcı intelligensiya nümayəndələrinin, akademikin dostlarının və ailə üzvlərinin iştirakı ilə bayram gecəsi keçirilib.

Çıxış edənlər AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi Nazim Kazımov, fəlsəfə elmləri doktoru, Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasının professoru Əziz Məmmədov və digərləri xeyli sayda istedadlı gənc alim yetişdirən akademik Vidadi Xəlilovun ölkə elminə verdiyi böyük töhfəni, onun yüksək insani keyfiyyətlərini vurğulayıblar.

Qeyd edlib ki, Vidadi Xəlilovun əsas işlərindən biri estetika və estetik tərbiyə sahəsində elmi tədqiqatların, tanınmış bəstəkarlar xalq artisti, Dövlət mükafatı laureatı, professor Süleyman Ələsgərov, əməkdar incəsənət xadimi Qəmbər Hüseynli və xalq artisti Oqtay Zülfüqarovun monoqrafiyalarının, habelə təhsil prosesində müasir texnologiyaların rolu haqqında informasiyanın  təqdim olunduğu çoxcildli "Seçilmiş əsərləri"dir. "Seçilmiş əsərlər" insanların mədəni və estetik inkişaf səviyyəsinin artırılmasına, gənclərin tərbiyəsinə, intellektual sağlam cəmiyyətin formalaşdırılmasına xidmət edir.