Türkiyə Superliqasında son illərin ən gərgin mübarizəsi


İdman 26 Dek 2017 18:15:00 276 0

Türkiyə Superliqasında son illərin ən gərgin mübarizəsi

Türkiyə Superliqasında son illərin ən gərgin çempionluq mübarizəsi müşahidə edilir. Çempionatın ilk dövrəsini 36 xalla "Medipol Başakşehir" lider olaraq başa vurdu. Goal.az xəbər verir ki, liqanın 18 komandanın iştirakı və 3 xallıq sistemlə keçirildiyi 1994/95 mövsümündən ikinci dəfə "qış çempionu" bu qədər az xal toplayıb. Bu baxımdan anti-rekord 2012/13 mövsümündə "Galatasaray"a məxsusdur. "Sarı qırmızılar" həmin vaxt 17-ci turdan sonra aktivinə 33 xal yazdıra bilmişdi. "Cim bom" mövsümün sonunda 71 xalla çempionluq tituluna sahib çıxmışdı.

İndi olduğu kimi ötən mövsüm də Superliqada ilk dövrənin lideri "Medipol Başakşehir" olmuşdu. Abdullah Avcının rəhbərlik etdiyi komanda mövsümün yarısında 39 xal toplasa da, sonda çempionluğu "Beşiktaş" qazanmışdı. 3 xallıq sistemlə keçirilən Superliqada ən çox xala malik "qış çempionu" statusu "Fenerbahçe" klubuna aiddir. "Sarı lacivərdlilər" 2005/06 mövsümünün ilk yarısında 45 xal qazanmışdı. Buna baxmayaraq, həmin mövsümün qalibi 83 xalla "Galatasaray" olmuşdu. "Fenerbahçe" əzəli rəqibindən cəmi 2 xal geridə qalmışdı.

Davam edən Superliqada "Göztepe", "Kayserispor" kimi komandaların çıxışı da diqqəti cəlb edir. Qeyd edək ki, turnir cədvəlinin 1-si "Başakşehir"lə 8-ci sıradakı "Sivasspor"u cəmi 10 xal ayırır.