“İrəli” hesabat verdi Geriyə nəzər salıb yalnız irəli getmək! FOTO


Digərləri 26 Dek 2017 12:05:00 393 0

“İrəli” hesabat verdi  Geriyə nəzər salıb yalnız irəli getmək!  FOTO

Dekabrın 25-də "İrəli" İctimai Birliyinin IX hesabat konfransı keçirilib.

Son.az xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Təşkilatın il ərzindəki fəaliyyətinin yekunları ilə bağlı məlumat verilərkən bildirilib ki, Prezident İlham Əliyevin doğum günündə - 2008-ci il dekabrın 24-də təsis edilən "İrəli" İctimai Birliyi fəaliyyətə başladığı gündən Azərbaycanda dövlət siyasətini geniş şəkildə dəstəkləməklə yanaşı, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, paytaxtla yanaşı, bölgələrdə də gənclərin inkişafı istiqamətində mühüm və ardıcıl layihələr həyata keçirir.

Konfransda çıxış edən Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, yarandığı ilk gündən cəmiyyətin həyatında fəal iştirak edən "İrəli" İctimai Birliyinin bu baxımdan öndə gedən gənclər təşkilatlarından biridir. Azərbaycanda gənclər və idman sahələrinə yüksək diqqət və qayğı göstərildiyini diqqətə çatdıran komitə sədri Milli Məclisdə gənclər və idman komitəsinin, Prezident Administrasiyasında gənclər və idman məsələləri şöbəsinin fəaliyyətə başlamasının bu diqqət və qayğının göstəricisi olduğunu bildirib. "İrəli"nin uğurlu fəaliyyətindən danışan F.Muradov təşkilatın region gəncləri üçün reallaşdırdığı layihələrin önəmini xüsusi qeyd edib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev gənclər təşkilatlarının dövlət gənclər siyasətinin reallaşmasında önəmini xüsusi vurğulayaraq, bu baxımdan "İrəli" İctimai Birliyinin özünə layiqli yer tutduğunu deyib. Nazir müavini təşkilatın paytaxtda və bölgələrdə liderlik məktəbi, "Gənc Əkinci", "SAY: Solidarity" və s. silsilə layihələr reallaşdırdığını diqqətə çatdırıb. Qeyd edib ki, "İrəli" İctimai Birliyi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılması işinə öz töhfəsini verir.

Son illər Azərbaycanda gənclər və idman sahələrində mühüm beynəlxalq tədbirlərin uğurla təşkil olunduğunu deyən İ.Babayev gənclər təşkilatlarının bütün bu işlərdə fəal iştirak etdiklərini bildirib. Nazir müavini "İrəli"nin doqquzillik fəaliyyətinin uğurlu olduğunu vurğulayaraq, quruma qarşıdakı illərdə də uğurlar arzulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev "İrəli" İctimai Birliyinin fəaliyyət göstərdiyi doqquz il ərzində gənclər təşkilatları arasında fəallığı ilə seçildiyini diqqətə çatdırıb. Fondun dövlət gənclər siyasətinin reallaşmasında mühüm rol oynadığını qeyd edən F.Hacıyev Azərbaycanın dövlət gənclər siyasəti modelinin dünyaya nümunə olduğunu vurğulayıb.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov ölkəmizdə digər nüfuzlu gənclər təşkilatları kimi, "İrəli" İctimai Birliyinin də səmərəli fəaliyyəti ilə seçildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu gün Azərbaycanda gənclər təşkilatlarının uğurlu fəaliyyəti dövlət tərəfindən yaradılan əlverişli şəraitin sayəsində mümkün olub.