Azərbaycan istilik təchizatı sahəsinə subsidiyanı 75% artırıb


İqtisadiyyat 26 Dek 2017 11:12:25 324 0

Azərbaycan istilik təchizatı sahəsinə subsidiyanı 75% artırıb

"Azərsu" ASC-yə nizamnamə kapitalının artırılması yolu ilə borc öhdəliklərinin tənzimlənməsinə 22 mln. manat ayrılacaq

Azərbaycanın 2018-ci il dövlət büdcəsindən “Azəristiliktəchizat”ASC-yə 33 mln. manat həcmində maliyyə yardımı ayrılacaq. 

“Report” bu barədə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Prezidentinin fərmanına istinadən xəbər verir.

Qeyd edək ki, 2017-ci ildə “Azəristiliktəchizat ASC-yə 18,896 mln. manat ayrılıb. Yəni, gələn ilin dövlət büdcəsindən cəmiyyətə ayrılacaq yardımın kəskin (təxminən 75%) artırılması nəzərdə tutulub.

Həmçinin, 2018-ci il dövlət büdcəsində “Azərsu” ASC üçün 29,4 mln. manat vəsait nəzərdə tutulub. Bunun da 7,4 mln. manatı subsidiya, 22 mln. manatı nizamnamə kapitalının artırılması yolu ilə borc öhdəliklərinin tənzimlənməsi üçün ayrılıb. 

Maliyyə Nazirliyi büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi qaydasının layihəsini 3 ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir. Bundan başqa, Nazirliyə 2018-ci il ərzində büdcə təşkilatlarına maliyyə vəsaitləri ayrılarkən, kommunal xidmətlərdən (elektrik və istilik enerjisindən, təbii qazdan, sudan və tullantı sularının axıdılmasından) istifadə haqlarının, ilk növbədə (o cümlədən, müəyyən edilmiş limitdən artıq istifadəyə görə yaranmış borcların digər xərclər hesabına) ödənilməsini təmin etmək tapşırılıb.