Bakı Ali Neft Məktəbi III Qış Elm Festivalının qalibi oldu FOTO


Digərləri 26 Dek 2017 10:31:00 263 0

Bakı Ali Neft Məktəbi III Qış Elm Festivalının qalibi oldu  FOTO

Bakı Ali Neft Məktəbi (BANM) 20-dən çox ali təhsil müəssisəsinin və həmçinin orta məktəblər arasında keçirilən III Qış Elm Festivalının qalibi olub. Bakı Mühəndislik Universitetində (BMU) keçirilən bu festivalda 100-dən artıq layihə təqdim olunub. BANM "Avtomatik suvarma sistemi" ideyası ilə festivalda iştirak edib. İdeya BANM-ın nəzdində fəaliyyət göstərən "Əşyaların İnterneti" laboratoriyasında formalaşıb.

Son.az xəbər verir ki, "Happy Plants" adlandırılan həmin avtomatik suvarma sisteminin əsas məqsədi ölkəmizdə böyük ərazilərin suvarılması zamanı su və enerji itkisinin qarşısını almaq, prosesi tam avtomatlaşdırmaqla insan əməyini minimuma endirmək, həmçinin uzun müddət ərzində torpağın xüsusiyyətləri haqqında məlumat toplayıb analiz etməkdir.

Qeyd edək ki, layihənin ilkin prototipi 2017-ci ilin yay aylarında uğurla sınaqdan keçirilib. Eyni zamanda layihə "ESP8266 IoT Contest" onlayn yarışmasında 300-ə yaxın layihə arasından seçilən 75 ən yaxşı ideyanın arasına daxil olub. Layihə üzərində BANM "Əşyaların İnterneti" laboratoriyasının rəhbəri Abbas Əlilinin mentorluğu ilə Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının III kurs tələbələri - Nicat Həsənov, Rüstəm Həsənov və Mirəkrəm Ağalarov birgə çalışıblar.


Xəbərə aid fotolar