"MatçTV"nin şərhçisi: "Çempionlar Liqasının debütantı kimi, "Qarabağ" layiqincə oynadı"


İdman 25 Dek 2017 17:45:00 317 0

"MatçTV"nin şərhçisi: "Çempionlar Liqasının debütantı kimi, "Qarabağ" layiqincə oynadı"

Rusiyanın futbol ekspertləri "Qarabağ"ın builki çıxışını, ümumilikdə, müsbət dəyərləndiriblər.

"MatçTV" telekanalının şərhçisi, "Sovetski Sport" nəşrinin icmalçısı Elvin Kərimov Ağdam klubunun 2017-ci ildəki çıxışını şərh edərkən bildirib.

Onun sözlərinə görə, avrokuboklardakı növbəti mövsüm "Qarabağ"ın açıq-aydın məşqçi komandası olduğunu göstərib.

"Heyətdəki məhdudiyyətlərə baxmayaraq, "Qarabağ" qrupdakı 6 oyunun 4-də yaxşı oynadı: bacarıqla müdafiə olundu və effektiv əks-hücumlar etdi. Qurbanovun praqmatik yanaşması, məncə, yeganə doğru addım idi. "Qarabağ" özünün güclü və zəif tərəflərini gözəl bilir. Bu isə Çempionlar Liqasında qrupun aşkar autsayderi kimi çıxış edən komanda üçün vacib keyfiyyətdir", - E.Kərimov deyib.

O vurğulayıb ki, futbol ekspertləri komandanın oyununu, ümumilikdə, müsbət dəyərləndiriblər.

"Həmkarım Geniç (şərhçi Konstantin Geniç - red.) "Qarabağ"ın Madriddəki oyunundan sonra Azərbaycan çempionunun azlıqda qala-qala necə gözəl müdafiə olunmasına heyran qalmışdı. "Qarabağ"ın Avropa futboluna yeni nəsə gətirdiyini demək olmaz. Müdafiə olunmaq hücum qurmaqdan daha asandır. Amma Çempionlar Liqasının debütantı kimi, "Qarabağ", həqiqətən, layiqincə oynadı. Gələcəkdə yeni zirvələr fəth etmək üçün isə daha çox pul xərcləmək lazımdır. Onlarsız, təəssüf ki, alınmaz", - rusiyalı şərhçisi qeyd edib.

Onun fikrincə, "Qarabağ"ın uğurunu ayırmaq lazım deyil və Azərbaycan futbolundakı ümumi inkişafından da danışmaq olar: "Nəticələr həm avrokuboklarda, həm də yığma komandada yaxşılaşıb. Azərbaycanın istedadlı futbolçular var. Məsələn, Mahir Mədətov ("Qarabağ"ın futbolçusu - red.) böyük oyunçu kimi yetişə bilər. Amma belə nümunələr azdır. Çünki klubların əksəriyyətində gənclərin axtarışı və yetişdirilməsi sistemi pis qurulub". (report)