Bakıda regionun gələcəyinə dair müzakirə


Siyasət 25 Dek 2017 14:23:00 252 0

Bakıda regionun gələcəyinə dair müzakirə

Bakıda "Yeni Çağ" Media Qrupu, Azərbaycan Türkiyə Evi və Türkiyə Azərbaycan İşadamları və Sənayeçilər Birliyi tərəfindən təşkil olunan "Regionun gələcəyi: geosiyasi çağırışlar və perspektivlər" mövzusunda beynəlxalq simpozium keçirilib.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, böyük maraqla qarşılanan beynəlxalq simpoziuma Rusiya, Türkiyə, Qazaxıstan, Gürcüstan, Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycandan çoxlu sayda tanınmış ekspert, telejurnalist və siyasətçi qatılıb. Azərbaycanın dövlət rəsmiləri, millət vəkillərinin, diplomatik korpus nümayəndələrinin, eləcə də, Türkiyənin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Turganerin iştirak etdiyi simpoziumda regionda baş verən proseslər siyasi və iqtisadi cəhətdən şərh olunub.

Tədbirin açılışında çıxış edən "Yeni Çağ" Media Qrupunun sədri Aqil Ələsgər bu cür əhəmiyyətli bir tədbirin təşkilatçısı olmaqdan qürur duyduğunu bildirib: "Simpoziumu təşkil etməkdə məqsədimiz əslində budur: Əgər regionun müqəddəratı həll olunacaq və bölgənin gələcəyinə dair hər hansı bir xəritə çəkiləcəksə, buna məhz region ölkələri qərar verməlidir. Buna görə də, hamımızı maraqlandıran məsələləri regionda söz sahibi olan ölkələrin nümayəndələri ilə birlikdə müzakirə etməyə qərar verdik. Regionumuzun siyasi, iqtisadi və informasiya təhlükəsizliyini təmin etmək başqalarının yox, məhz bizim məsulliyyətimizdədir. Böyük iqtisadi layihələrin həyata keçirildiyi, önəmli stratejik mövqeyə malik olan regionumuzun əhəmiyyəti günü-gündən artır. Yaranmış bu vəziyyət bütün dünyada baş verən hadisələrə və bizi maraqlandıran məsələlərə qarşı daha sayıq olmağımızı tələb edir. Bir media nümayəndəsi olaraq cəmiyyətlərimiz arasındakı əlaqələrin düzgün idarə edilən mətbuatla daha da güclənəcəyinə inanıram."

Türkiyənin Bakıdakı səfiri Erkan Özoral da regiona dair vacib məsələlərə və problemlərə diqqət çəkib: "Böyüdükcə, tarix kitablarını oxuduqca həmişə düşünürdüm ki, görəsən, bir gün mən də tarixi hadisələrə şahid ola biləcəyəmmi? Belə də oldu, birlikdə bir dövrün başa çatmasına şahid olduq. Sovet İttifaqı çökdü və biz qardaşlarımızla qovuşduq.

Bir neçə gün bundan əvvəl də BMT-də tarixi Qüds qərarının alınmasına şahidlik etdik. 128 ölkənin səsi ədalətsizliyin bir gün mütləq bitəcəyini sübut etdi. Bu tarixi bir səsvermə idi. Bütün ölkələr ABŞ tərəfindən təhdid edilmişdi, amma nəticə onların istədiyi kimi olmadı.

Bəşəriyyətin taleyini cızan ən təməl prinsip ədalət prinsipidir. Bu gün Azərbaycan böyük bir ədalətsizliklə üzbəüz qalıb. Bizlər həmişə Azərbaycanın yanında olmuşuq və bundan sonra da olacayıq. Amma gec olmadan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır".

Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Turganer isə dünya birliyinə çağırış edib: "Ədalətsizlikdən danışdıq... Şimali Kipr də illərdir ədalətsizliyə düçar olub. Buradan bütün dünyaya səslənirəm və Şimali Kiprə qarşı daha diqqətli münasibət göstərilməsini istəyirəm."

Simpoziumda Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı, Türkiyə Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Hüseyin Büyükfırat, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, millət vəkillərii Adil Əliyev, Fazil Mustafa və Qüdrət Həsənquliyev çıxış edərək regionun taleyi və gələcəyi ilə bağlı narahatlıq doğuran məsələlərə toxunublar.

Qeyd edək ki, üç paneldən ibarət simpoziumda Rusiya-Türkiyə münasibətləri, bu münasibətlərin Dağlıq Qarabağ probleminin həllində yeni imkanlar yaradacağına toxunulub. Tanınmış rusulaylı politoloq-juranlist Maksim Şevçenko və araşdırmaçı-türkoloq İvan Stradubtsev, hazırda iki ölkə arasındakı əlaqələrin "təyyarə böhranı"ndan əvvəlki dövrdə olduğundan daha yüksək səviyyəyə çatdığını bildiriblər. Çevriliş cəhdindən sonra isə əsl həqiqətlərin üzə çıxdığını deyən Şevçenko, Türkiyə hökümətinin böhranların idarə edilməsi məsələsində uzaqgörən davrandığını və bu sayədə də rus-türk əlaqələrinin yaxşılaşdığını söyləyib.

"Yeni Akit" qəzetinin köşə yazarı, Anadolu Yayımcılar Dərnəyinin sədri Sinan Burhan və "Ülke TV"nin baş direktoru Həsən Öztürk isə Azərbaycan mətbuatının Rusiya və Türkiyə mətbuatı arasında körpü rolu oynadığını söyləyərək böhranın aradan qaldırılmasında Azərbaycanın xüsusi rol oynadığını vurğulayıblar.

Sonda simpozium iştirakçıların gəldiyi ortaq məxrəc isə belə olub: "Bundan sonra güclü kimdirsə, haqlı da o olmayacaq; Haqlı olan güclü olacaq!"

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində