Aygün Bəylərin "sulamağı", Nəzakət Teymurovanın Əli Mirəliyevə təlxək deməsi, Rəşid Behbudovun "əməkdar" qızı


Şou-biznes 25 Dek 2017 09:15:00 280 0

Aygün Bəylərin "sulamağı", Nəzakət Teymurovanın Əli Mirəliyevə təlxək deməsi, Rəşid Behbudovun "əməkdar" qızı

Son.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (153-cü say) təqdim edir.

Sovetin dövründə bir oğlan sevdiyi qıza əsgərlikdən o qədər məktub yazır ki, axırda qız poçtalyona ərə gedir. Heç bu əhvalatın mövzuya dəxli yox idi. Sadəcə, mən də təzəlikcə eşitmişdim, eşidəndən sonra bir az gülmüşdüm. İstədim ki, siz də oxuyasınız. Gülüb-gülməmək isə öz işinizdir.

Necə deyərlər, belə duzlu-məzəli əhvalatlardan sonra keçək ondan da duzlu olan xəbərlərə.

Yəqin Aygün Bəylərin Elgizin aparıcısı olduğu verilişdəki məlum çıxışına baxmısınız. Baxmamısınızsa, mütləq elə yazını buradaca saxlayıb baxın, sonra oxumağa davam edin ki, yazacaqlarımı daha aydın başa düşəsiniz. Aygün verilişdə Röyadan başlayıb, gedib Vaqif Gərayzadədə söhbəti bağlayıb. Deyib ki, sənətkar ayrı şeydi, Röya tamam ayrı şey. Elgiz istəyib ki, məsələni bir az sakitləşdirsin, Aygün qalxıb ayağa, kepkasını bir az da basıb gözünün üstünə başlayıb sənət aləmini "sulamağa". Məclisdə Röyanın stilist dostu Anar da iştirak eləyirmiş. Anar da özünəməxsus qalın və qaltanlı səsiylə istəyib desin ki, bəsdir Aygün, bəsdir daha. Amma deyə bilməyib, Aygün kepkanı bir dəfə də gözünün üstünə basıb, qavalı da vurub qoltuğuna çıxıb gedib. Anar da dalınca. Anar arxadan nə qədər qışqırıbsa ki, "dayan, Aygün, dayan", xeyri olmayıb. Elə bu söhbətin ardınca Röya da Anarı sosial şəbəkədə dostluqdan çıxarıb. Deyirlər ki, Mixeil Saakaşvili Ukraynada vəziyyəti qaydasına salan kimi birbaşa Bakıya uçub bu məsələni də yoluna qoyacaq. Xəbər göndərib ki, mən gəlincə Nəzakət Teymurovayla Əli Mirəliyev də ya barışsınlar, ya da gəlib məsələni özüm həll edəcəyəm.

Məsələ burasındadır ki, Əli Mirəliyev Nəzakət Teymurovanın xaric oxuduğunu deyib. Nəzakət Teymurova da açıqlama verərək, Mirəliyevi təlxək adlandırıb. Saakaşvili gələnə qədər icazə verirsinizsə, mən də öz fikrimi yazım. Nə Əli Mirəliyevin, nə də Nəzakət Teymurovanın oxumağına söz demək mənə düşməz. Kim xaric oxuyur, kim zildən, kim bəmdən qışqırır, bu məsələlər də mənim kurasiyama daxil deyil. Ancaq Əli Mirəliyevin qızını şəxsən tanıdığıma və ədəb-ərkanına az-çox bələd olduğum üçün deyə bilərəm ki, Samirə xanım heç vaxt N.Teymurovanın atasını təlxək adlandırmazdı. Yəni, atası yaşda kişiyə o sözü deməyi özünə rəva bilməzdi. Mən çox gözəl anlayıram ki, Mirəliyev bəzən tənqidin dozasını çox edir, bəzi hallarda yersiz tənqidlərə də yol verir. Amma əksər hallarda onun səsləndirdiyi iradlar haqlı və yerindədir. Ola bilsin ki, Teymurovanın hansısa məclisdə, yaxud efirdə təsadüfən xaric oxuduğu onun qulağına dəyib və belə bir açıqlama verib. Mümkün olan işdir də. Məgər Nəzakət Teymurova xaric oxuya bilməz? Lap yeri gələndə Üzeyir də xaric oxuyur. Hələ mən Damlanın bəzi mahnılarda bir ton xaric qışqırdığını demirəm. Amma nə olsun, camaatın ki qulağına xoş gəlir. Qonşumuzda bir xala var, inanın ki, hərdən uşaqlarına hirslənəndə necə qışqırırsa, elə bilirsən Nazənin oxuyur. Yəni, o qədər oxşardı ha. Nazənin hansı notdan qışqırırsa, qonşudakı xala da türklər demiş, aynen həmin notdan başlayır.