Prezidentin doğum günündə yayıma başlayan “ASAN Radio” 2 yaşına çatdı - REPORTAJ


Sosial 24 Dek 2017 09:30:00 255 0

Prezidentin doğum günündə yayıma başlayan “ASAN Radio” 2 yaşına çatdı - REPORTAJ

“Report”un əməkdaşları radiodan reportaj hazırlayıb

 Adı “ASAN Radio” olmasına baxmayaraq işləri o qədər də asan deyil. Radio həm dövlət xidmətləri ilə bağlı ilk və operativ informasiyaları çatdırır, rəsmi şəxslərlə, dövlət məmurları ilə geniş müsahibələr edir, həm də maarifləndirici verilişlər hazırlayır, günün nəbzini tutur. “ASAN Radio” ancaq səslə deyil, paralel olaraq video və foto vasitəsilə də faydalı məlumatlar yayımlanır, xəbər saytı kimi fəaliyyət göstərir, sosial şəbələrdə də aktivdir.

“Report”un əməkdaşları “ASAN Radio”nun redaksiyasına gedərək rəhbərliyi və əməkdaşlarını təbrik edib, radionun iki yaşının tamam olması ilə bağlı reportaj hazırlayıb.

Digərlərindən fərqlənən radio

Prezident İlham Əliyevin tapşırığı ilə yaradılan “ASAN Radio” 2015-ci il dekabrın 24-ü, dövlət başçısının doğum günündə yayıma başlayıb.

“ASAN Radio”nun digərlərindən fərqi dövlət xidmətləri sahəsində ixtisaslaşmasıdır. Radio bir sıra dövlət qurumları ilə daim təmasdadır. “ASAN Radio”nun direktoru Emin Musavi deyir ki, dövlət qurumlarından məlumatları, müsahibələri ilk onlar əldə etməyə çalışırlar. Məsələn, Azərbaycan milli komandasının baş məşqçisi olduqdan sonra Qurban Qurbanov ilk olaraq dekabrın 21-də “ASAN Radio”ya gəlib və onlara geniş müsahibə verib. Direktorun otağında üzərinə “ASAN Radio 100 FM” yazılan milli komandanın formasından də bunu görmək olurdu.

E.Musavi “ASAN Radio”nun maarifləndirici radio olduğunu deyir. Onun sözlərinə görə, bütün verilişləri maraqlı etmək lazımdır ki, dinləyicinin diqqətini çəkə biləsən: “Formatından asılı olmayaraq verilişə əvvəlcədən hazırlaşmaq lazımdır. “Gəlin bir şeydən danışaq, bir şey deyin”lə olmaz. Biz çalışırıq dinamik olaq”.

E.Musavinin sözlərinə görə, son illərdə radioların reytinqi artıb, bunun da səbəbi avtomobillərin və tıxacların çoxalmasıdır: “İnsanlar yolda çox vaxt keçirir, bu vaxt isə çoxluq radio dinləyir”.

Verilişin facebookda canlı yayımlanmasını istəməyən məmurlar

“ASAN Radio” yarandığı gündən dövlət rəsmilərini, o cümlədən nazirləri, komitə sədrlərini verilişlərə dəvət etməklə, onlarla özəl müsahibələr etməklə xüsusi seçildi. Rəsmi şəxsləri verilişə dəvət etmək isə çətin işdir. Dövlət rəsmilərinin radioya gələcəkləri haqqında məlumat verilsə də, məlumatın dəqiqliyi tam təsdiqlənəndən sonra anons verirlər ki, dinləyiciləri aldatmış olmasınlar.

Radionun bütün əməkdaşları yekdilliklə bildirdi ki, canlı yayımlanan verilişlərdə qonaqlarla işləmək daha rahatdır, çünki hər kəs efirin məsuliyyətini bilir. Amma bəzi məmurlar radioda danışsalar da, facebookda canlı yayımda olmaq istəmirlər.

Radioya gələn qurum rəhbərləri, rəsmilər adətən hazırlıqlı gəlirlər, çünki burada sualı dinləyicilər verir, əvvəlcədən hazırlanmır. E.Musavi deyir ki, bacardıqları qədər bütün sualları qonağa verməyə çalışırlar, efirdə vaxt səbəbindən cavabsız qalan sualların cavabı isə bir həftə ərzində dinləyiciyə çatdırılır: “Bir növ rəsmilərlə dinləyici arasında vasitəçi, körpü rolunu oynayırıq”.

Radio əməkdaşları həmçinin verilən sullara nəzarət edirlər. Çünki gözlənilməz zənglər də ola bilər. 

Direktorun sözlərinə görə, rəsmilərin, məmurların mətbuata çıxmağı gördüyü işlə bağlı xalqa hesabatı deməkdir: “Bu səbəbdən də onlar mətbuata açıq olmalıdırlar”.

Prezidentdən müsahibə

E.Musavinin sözlərinə görə, hər həftə bir dövlət rəsmisi ilə dinləyiciləri görüşdürən “QəbuldASAN” verilişi 2018-ci ildə də davam edəcək. Təbii ki, qonaq olmayan məmurlarla birgə, ötən dövrdə qonaq olan nazirlər və digər məmurlar da verilişə dəvət olunacaqlar, çünki verilişin prioriteti şəxslər deyil, onların aid olduğu sahədir.

Onu da qeyd edək ki, gələn ilin əvvəllərində Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevin “QəbuldASAN” verilişinə gəlməsi gözlənilir.

E.Musavi deyir ki, “QəbuldASAN” verilişinin qonaqları arasında Baş nazirin müavini Abid Şərifov radio işçilərinin daha çox yaddaşlarına həkk olunub. Çünki dinləyicilər ona daha çox suallar ünvanlayıblar. A.Şərifov isə efir müddətində cavab verə bilmədiyi bütün sualları söz verdiyi kimi bir həftə ərzində araşdırıb və cavablandırıb.

Radionun hədəflərindən biri isə Prezident İlham Əliyevdən müsahibə almaqdır. E.Musavi “ASAN Radio”nun bu müsahibəni ala biləcəyinə inanır.

Hədəf və məqsədlər

Növbəti ildəki hədəf və məqsədlərinə gəlincə, radiodakı hər kəs ortaya daha mükəmməl iş qoymaq üçün çalışır. Gələn il “ASAN Radio”nun yayım arealı bir az da böyüyə, verilişlərin sayı arta bilər. E.Musavi verilişlərin çoxalmasının qəti şəkildə keyfiyyətə təsiri olmayacağını bildirir.

Yeri gəlmişkən, radionun peşəkar əməkdaşları təcrübəsiz tələbələrdən gələcəyin radio işçilərini hazırlayır, təcrübələrini onlarla bölüşürlər. Hətta təcrübəçilərin bir neçəsini radioda işə də götürüblər.

“ASAN Radio”nun əməkdaşlarının işi başqalarının işini asanlaşdırmaqdır”

"ASAN Radio"nun redaksiyasını gəzirik. Radionun əsas studiyasında aparıcı redaktor Kəmalə Mustafayeva bir neçə dəqiqəyə efirə gedəcək “Ayna” verilişi üçün hazırlıqlara başlamışdı. Verilişin qonağı isə radionun direktoru Emin Musavi idi.

K.Mustafayeva deyir ki, “ASAN Radio”nun əməkdaşlarının işi başqalarının işini asanlaşdırmaqdır, özlərinin işləri isə o qədər də asan deyil. Xüsusi günlərdə, bəzi hadisələr baş verəndə dinləyicilərin istirahət etdikləri vaxt onlar işdə olur və dinləyicilərinə operativ məlumatlar çatdırırlar.

Aparıcı redaktorun sözlərinə görə, əməkdaşlar işə tez gəlirlər, işdən çıxma vaxtları isə görüləcək işin həcmindən, bir sözlə, vəziyyətdən asılıdır. Səhər işə gələndə isə ovqatlarını pozitiv iş yoldaşları tənzimləyir, məsələn hər səhər işə Ruslan və Orxanın rəqsi ilə başlayırlar.

“Bizdə hər mahnı səslənmir”

Səs rejissoru Zamiq Babayev yeganə çətinliklərinin işlərin çoxluğu ilə bağlı olduğunu deyir. O bildirdi ki, radio işi televiziyadan 3-4 dəfə çətindir, çünki bütün yük səsin üzərinə düşür: “Radioda mahnı seçimlərinə xüsusi diqqət olunur. Bizdə hər mahnı səslənmir. Hətta verilişlərimizin fon musiqisinin istifadə olunmamış olması bizim üçün vacibdir. Səs yazmaq üçün istifadə edə biləcəyimiz bütün avadanlıqlarımız var. Hətta pavilyonumuz da var ki, orada canlı konsertlər təşkil edirik”.

Televiziya sahəsindən radioya keçən, hazırda radionun baş redaktor vəzifəsini icra edən İlkin Kərimov deyir ki, asan iş yoxdur, əsas odur sən öz işinin peşəkarı olasan, işini yaxşı biləsən və sevəsən.

Daha çox Azərbaycan musiqiləri səslənir

Musiqi redaktoru Leyla Əmirova daha çox Azərbaycan mahnılarına üstünlük verdiklərini bildirdi: “Musiqi seçimində əsas keyfiyyətdir. Rolu daha çox ən parlaq hitlər, retro və klassik musiqilərə veririk”.

“Report” İnformasiya Agentliyinin kollektivi “ASAN Radio”da çalışan həmkarlarını 2 yaş münasibəti ilə təbrik edir, onlara möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayır!