Qəbələdə "Onkoloji xəstəliklərin müasir diaqnostikası və müalicəsi" mövzusunda elminəzəri konfrans keçirilib FOTO


Digərləri 23 Dek 2017 23:36:00 360 0

Qəbələdə "Onkoloji xəstəliklərin müasir diaqnostikası və müalicəsi" mövzusunda elminəzəri konfrans keçirilib  FOTO

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin (RİİB), Səhiyyə Nazirliyi və Milli Onkologiya Mərkəzinin (MOM) birgə təşkilatçılığı ilə dekabrın 23-də Qəbələ Heydər Əliyev Konqres Mərkəzində ətraf 15 rayonda onkologiya və ümumi terapiya sahəsində fəaliyyət göstərən 150-dən çox həkim üçün "Onkoloji xəstəliklərin müasir diaqnostikası və müalicəsi" mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfransda Milli Onkologiya Mərkəzinin yüksəkixtisaslı həkim heyəti müxtəlif məruzələrlə çıxış ediblər.

Son.az Trend-ə istinadən bildirir ki, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli konfransı açaraq, ölkəmizdə bu sahədə əldə olunan nailiyyətlərdən danışıb. Qeyd edib ki, bu gün respublikamızın sürətli iqtisadi inkişafı bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına müsbət təsir göstərib. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində səhiyyə sahəsində aparılan uğurlu islahatlar, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlər yeni-yeni nailiyyətlərə yol açıb. "Ölkəmizdə səhiyyənin ən vacib sahələrindən olan onkologiyaya da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsi olaraq hazırda Milli Onkologiya Mərkəzi ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə təchiz edilib", - deyən Azad Kərimli bildirib ki, 2009-cu ildə mərkəzin cərrahiyə korpusunun, 2012-ci ildə isə Uşaq Onkologiya Korpusunun, 2014-cü ildə yeni müalicə korpusunun və bəd xassəli şişlərin molekulyar onkologiya laboratoriyasının açılışı olub. Mərkəzin nəzdində regionda birinci olan Uşaq Klinikasının yaradılmasında Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin böyük əməyi var. Ötən il mərkəzin nəzdində Nüvə Təbabəti Mərkəzi də açılıb. Bu mərkəz nəinki Azərbaycanda, hətta regionda bu tipli ilk və yeganə tibb müəssisəsidir.

Vurğulanıb ki, zəngin maddi-texniki bazası və güclü kadr potensialı olan Milli Onkologiya Mərkəzi artıq dünyanın ən qabaqcıl səhiyyə müəssisələri ilə müqayisə edilir. Milli Onkologiya Mərkəzi ümumdünya Səhiyyə Təşkilatı, "MD Anderson" və "Sloan Kettering" Onkoloji mərkəzləri, Avropa Nüvə Təbabəti Assosiasiyası və digər nüfuzlu mərkəzlərlə, təşkilatlarla əməkdaşlığını davam etdirir. Bu gün mərkəzin təcrübəli əməkdaşları tərəfindən respublikanın onkoloji xidmətinin strukturunun təşkili, bədxassəli şişlərin erkən diaqnostikası və belə xəstələrin müasir cərrahi, şüa və dərman müalicəsinin aparılması, mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi istiqamətində böyük elmi araşdırmalar həyata keçirilir.

Milli Onkologiya Mərkəzi ilə Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi arasında sıx əməkdaşlıq qurulduğunu qeyd edən Azad Kərimli hər iki qurumun birgə təşkilatçılığı ilə respublikanın müxtəlif regionlarında ödənişsiz onkoloji müayinələrin təşkil edildiyini bildirib. Qeyd olunub ki, bu müayinələr 3000-dən çox vətəndaşı əhatə edib, müayinələrin nəticələrindən asılı olaraq müvafiq müalicələr təyin olunub, zəruri hallarda uğurlu cərrahiyyə əməliyyatları aparılıb. Bu cür səmərəli əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

Mərkəzin baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu, professor Əziz Əliyev "Baş-boyun şişlərinin müasir cərrahi müalicəsi" mövzusundakı çıxışında deyib ki, hazırda mərkəzin baş-boyun şişləri şöbəsində qırtlağın xərçəngində larinqektomiya, qırtlağın tam və ya qismən çıxarılması əməliyyatları həyata keçirilir. Yeni üsulla aparılan larinqektomiya zamanı xəstənin cəmiyyətə normal adaptasiyası, digər insanlar kimi adekvat həyat tərzinə malik olması üçün də bütün zəruri tədbirlər görülür. Bu prosesin reallaşması üçün "Provoks" səs bərpa sistemi və ya protezi tətbiq olunur. "Provoks" protezindən hava xəstəyə birbaşa traxestoma ilə yox, protezin süzgəcləri vasitəsilə daxil olur. Buna görə də xəstədə ağ ciyər iltihabının baş verməsi təhlükəsinin qarşısı alınır. Nəticədə xəstə özünü yaxşı hiss edir, rahat, sərbəst şəkildə doğmaları və yaxınları ilə ünsiyyətdə ola bilir. Mərkəzdə son 3 ildir ki, tətbiq edilən bu cərrahi əməliyyat tibb sahəsində çox böyük addım, nailiyyət hesab olunur.


Xəbərə aid fotolar