Trampın başqa ölkələri hədələməsi boş şeydir


Digərləri 23 Dek 2017 22:25:00 235 0

Trampın başqa ölkələri hədələməsi boş şeydir

"The Guardian" yazır ki, Donald Trampın onun Qüdsü İsrailin paytaxtı kimi tanıyan qərarının əleyhinə səs verən ölkələri cəzalandıracağı barədə hədələri bir çox ekspertlərin rəyinə görə "cəfəngiyyatdan" başqa bir şey deyil.

Cümə axşamı günü BMT-nin Baş Assambleyası özünün fövqəladə sessiyasında 128 leyhinə, 9 əleyhinə nisbəti ilə Trump-ın qərarını etibarsız elan edən qətnaməyə səs verib. 35 ölkə bitərəf qalıb.

Məsələ burasındadır ki, səsə qoyulan qətnamə layihəsinin müəllifi Misirdir. Misir ötən il ABŞ-dan 1, 2 milyard dollar yardım alıb. Buna görə də bəzi təhlilçilər Trampın hədəsinin xüsusilə də Misir üçün təhlükəli olduğunu düşünürlər.

Lakin əksər ekspertlərin rəyi belədir ki, Tramp administrasiyasının xarici ölkələrə yardımı kəsməsi o qədər də asan olmaya bilər.

Beləki ABŞ maliyyə yardımlarının əksər hissəsi Konqres tərəfindən ayrılır.

Bu il millət vəkilləri artıq prezidentin "America First" (Əvvəlcə Amerika) silsiləsindən olan bir sıra "qənaət" təşəbbüslərini rədd ediblər. Trump bu təşəbbüslərlə xarici yardımları 30 faiz ixtisar etmək istəyirdi.

Beynəlxalq İnkişaf İnstitutunun direktoru Alex Their deyib ki, BMT-də siyasi səslərə görə maliyyə yardımının kəsilməsi "fövqəladə" addımdır, lakin onu həyata keçirmək o qədər də asan olmayacaq.

Their deyib: "Ayrı-ayrı ölkələrə yardımı birtərəfli qaydada kəsmək asan deyil. Trump deyə bilməz ki, məsələn, "Efiopiyaya daha pul verməyin".

Ekspertin sözlərinə görə, belə hallarda Konqres və administrasiya arasında uzun-uzadı danışıqlar gedir.

Thier bunu da əlavə edib ki, yardımların növlərinə də diqqət edilməlidir. Məsələn hərbi və təhlükəsizlik yardımları hökumətlərə gedir.

İnkişaf üçün yardımları verərkən isə siyasətdən çıxış edilmir. Üçüncü yardım növü isə humanitar yardımdır ki, buna xüsusi qanunlarla icazə verilir.

Ekspertin sözlərinə görə məsələn, Ruanda və ya Nepalda aclıq çəkən insanlar üçün ayrılmış yardımı həmin ölkələrdəki hökumətlərin BMT-də necə səs vermələri əsasında dayandırmaq mümkün olmaya bilər.

Washingtondakı İqtisadi və Siyasi Araşdırma Mərkəzindən Mark Weisbrot deyir ki, Trump-ın hədəsi ilk növbədə Səudiyyə Ərəbistanına təsir edə bilər.