Etilen-polietilen zavodunda bədbəxt hadisə baş verib


Sosial 23 Dek 2017 19:16:00 232 0

Etilen-polietilen zavodunda bədbəxt hadisə baş verib

Hadisə nəticəsində bir nəfər dünyasını dəyişib

Bu gün saat 12:30 radələrində Etilen-polietilen zavodunda bədbəxt hadisə baş verib.

“Report” xəbər verir ki, Sumqayıtdakı Etilen-polietilen zavodunun ərazisində yerləşən anbar binasının təmiri ilə əlaqədar Azərikimya İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin 1 saylı Mexaniki quraşdırma sahəsinin işçiləri quraşdırıcı çilingər Məmmədov Əlövsət Adil oğlu və elektrik qaz qaynaqçısı Əzizli Toğrul Cavadxan oğlu avtosəbətdə işləyərkən, avtosəbətin oxunun sınması nəticəsində yerə düşüb.

Dərhal hadisə yerinə çağırılan təcili tibbi yardım hər iki işçini xəstəxanaya çatdırıb. Həkimlərin səylərinə baxmayaraq, 16:00 radələrində Məmmədov Əlövsət Adil oğlu dünyasını dəyişib. Toğrul Əzizlinin həyatı hazırda təhlükə altında deyil. Hadisə ilə bağlı araşdırma aparılır. Nəticə barədə əlavə məlumat veriləcək.

SOCAR rəhbərliyi və kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.