Enerji təchizatı şəffaf, çevik və sahibkarlar üçün daha əlçatan olacaq


Digərləri 23 Dek 2017 16:12:00 325 0

Enerji təchizatı şəffaf, çevik və sahibkarlar üçün daha əlçatan olacaq

Enerji təchizatı şəffaf, çevik və sahibkarlar üçün daha əlçatan olacaq. Yeni yaradılan Agentlik Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında publik hüquqi şəxs statusu ilə yaradılıb.

Son.az bildirir ki, bunu Trend-ə Prezident İlham Əliyevin fərmanı ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılmasını şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ayaz Çaparlı deyib.

O bildirib ki, Prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar siyasəti nəticəsində ölkədə yaranan əlverişli mühit digər sektorlarla yanaşı, tikinti sektoruna da müsbət təsir göstərir və hazırda sözügedən sektora yatırılan investisiya qoyuluşunun səviyyəsi sürətlə bərpa edilir: "Yeni tikililərin enerji təchizatı sahəsində həyata keçirilməsi planlaşdırılan işlər kommunal xidmət səviyyəsinin daha da yaxşılaşdırılmasını və dünya standartlarına uyğunlaşdırılmasını, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsini zəruri edir. Bununla əlaqədar, yaradılan yeni Agentlik elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində aşağıda verilmiş vəzifələri icra edəcək: bazar iştirakçıları arasında münasibətlərin tənzimlənməsi, müəssisələrin fəaliyyətinin təhlili və restrukturizasiya tədbirləri ilə bağlı təkliflərin verilməsi, göstərilən xidmətləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması, fəaliyyət göstərən müəssisələrdə sağlam rəqabət mühitinin formalaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi, istehsalın diversifikasiyası və investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlərin hazırlanması, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilinin həyata keçirilməsi. Burada xüsusilə vurğulanmalıdır ki, enerji təchizatı şəffaf, çevik və sahibkarlar üçün daha əlçatan olacaq".