AAF və AMADA-nın birgə təşkilatçılığı ilə anti-dopinq seminarı keçirildi


İdman 23 Dek 2017 13:18:00 290 0

AAF və AMADA-nın birgə təşkilatçılığı ilə anti-dopinq seminarı keçirildi

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) və Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə anti-dopinq seminarı keçirilib.

Goal.az xəbər verir ki, milli komandaların mərkəzi məşq bazasında baş tutan tədbirdə təlim-məşq toplanışında olan yığma komandaların idmançı və məşqçi heyəti, eləcə də “Zirvə Liseyi”nin ağırlıqqaldırma ilə məşğul olan şagirdləri iştirak edib. Seminarı AMADA-nın Təhsil və Təlim üzrə meneceri Lalə Hacıyeva və mütəxəssis-həkim Fərid Əliyev aparıb.

İştirakçılara qadağan olunmuş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, yenilənən siyahı və onun tərtib olunma meyarları, yarış vaxtı və ondan kənarda test götürülmə qaydaları, idmançıların məkan məlumatları, ADAMS sistemi, terapevtik istifadə üçün istisnalar və digər vacib məqamlar barədə geniş məlumat verilib.

Seminar interaktiv halda aparılıb, iştirakçılar onları maraqlandıran sualları verərək cavab alıb, maraqlı müzakirələr gedib. Sonda idmançılar anonim dopinq sorğusunda iştirak edib, onlara maarifləndirici buklet və kitabçalar paylanıb.