Azərbaycanın Qüdslə bağlı qərarı İsraillə münasibətlərə xələl gətirməyəcək


Siyasət 23 Dek 2017 07:00:00 329 0

Azərbaycanın Qüdslə bağlı qərarı İsraillə münasibətlərə xələl gətirməyəcək

"Azərbaycanın ABŞ prezidenti Donald Trampın Qüdsün İsrailin paytaxtı kimin tanınması ilə bağlı qərarının əleyhinə çıxmasının gələcəkdə İsraillə münasibətlərdə problemlərə səbəb olacağını deyənlər, əslində isə bunu istəyənlər məqsədlərinə çatmayacaqlar".

Bunu Son.az-a Milli Məclisin üzvü, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupu Asim Mollazadə ABŞ prezidenti Donald Trampın Qüdsün İsrailin paytaxtı kimi tanınması ilə bağlı müvafiq qərarından sonra yaranmış vəziyyəti və Azərbaycanın bu məsələdəki mövqeyini şərh edərkən bildirib.

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında iştirak edib - YENİLƏNİB - FOTO  Onun sözlərinə görə, Azərbaycanın bu mövqeyi beynəlxalq hüquq və normalara əsaslanır: "Azərbaycan Qüds məsələsində beynəlxalq hüquqa əsaslanıb və bununla bağı mövqeyi BMT Baş Assambleyasının üzvlərinin əksəriyyəti ilə üst-üstə düşür. Azərbaycan Orta Şərqdə sülhün bərqərar olunmasında maraqlıdır və bunun üçün BMT TŞ-nin qərarlarının icrasını istəyir. Çünki Azərbaycan özü də bu cür vəziyyətdən əziyyət çəkən ölkələrdən biridir. Hamı bilir ki, BMT TŞ-nin Ermənistan ordusunun işğal etdiyi Azərbaycanın torpaqlarından çıxarılması ilə bağlı qərarları icra olunmur. Məhz ona görə də Azərbaycan bu və buna bənzər digər - məsələn, Gürcüstan, Ukrayna ilə bağlı məsələlərdə, münaqişələrdə hər zaman beynəlxalq hüquq normalarına əsaslanan mövqe nümayiş etdirib".

Azərbaycandan qəti mövqe - Qüds məsələsində kənarda qala bilməzdik Millət vəkili hesab edir ki, Azərbaycanın Qüdslə bağlı mövqeyi onunla çox yaxın tərəfdaş olan İsraillə münasibətlərə xələl gətirməyəcək: "İsrailin yaxın tərəfdaş olmasına, eləcə də ABŞ prezidentinin təhdidlərinə baxmayaraq, Azərbaycanın belə qətiyyətli mövqe nümayiş etdirməsi göstərir ki, Azərbaycan bütün məsələlərdə, o cümlədən, Qüdslə bağlı müstəqil xarici siyasət yürüdür. Özü də bu siyasəti, eləcə də hər hansı ikinci dövlətlə münasibətləri üçüncü dövlətlərə qarşı yönəlməyib və bu məqsədlə istifadə oluna da bilməz. Sual olunur ki, Azərbaycanın Qüdslə bağlı qərarı onunla bir sıra məsələlərdə tərəfdaş və müsbət münasibətlərdə olan İsraillə münasibətlərə xələl gətirə bilərmi? Əminəm ki, yox! Çünki İsraillə tərəfdaş olan bir sıra digər dövlətlərin də mövqeyi Azərbaycanla üst-üstə düşür. Ona görə də bu istiqamətdə hansısa problemlərin yaranacağını düşünmürəm. Bu baxımdan bu məsələdən istifadə edərək onun süni şəkildə şişirdilməsini düzgün hesab etmirəm".

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın Qüdsü (Yerusəlim) birtərəfli qaydada İsrailin paytaxtı kimi tanıması və ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə müvafiq sənəd imzalaması bütün dünyada etiraz dalğası ilə qarşılandı. ABŞ prezidentinin bu qərarı onun hətta öz ən yaxın müttəfiqləri tərəfindən də dəstəklənmədi.

Fələstində, o cümlədən dünyada baş qaldırmış etirazlar fonunda BMT Təhlükəsizlik Şurasında Qüdsün İsrailin paytaxtı kimi tanınmasını qanunsuz hesab etdi və 14 üzv ölkə qətnaməni təsdiq etdi, yalnız ABŞ qətnaməyə veto qoydu. Ardınca BMT Baş Assambleyasının üzvü olan 128 ölkə, o cümlədən Azərbaycan ABŞ prezidentinin bu qərarının qəbuledilməz olması barədə qətnamənin qəbul edilməsinə səs verdi.

Qeyd edək ki, bundan az əvvəl Donald Tramp ABŞ-ın BMT TŞ-nın qətnaməsini dəstəkləyən dövlətlərə maliyyə yardımını dayandıracağını bildirmişdi.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyənin təşəbbüsü ilə İstanbulda Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında ən yüksək səviyyədə təmsil olundu və prezident İlham Əliyev bununla bağlı qəti mövqe nümayiş etdirdi. Hərçənd, bəzi islam ölkələri, eləcə də türkdilli dövlətlər orada 3-cü, 4-cü şəxslər səviyyəsində təmsil olunmuşdular.

İlkin İzzət

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində