Dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul zamanı şəhid övladlarına üstünlük veriləcək


Sosial 23 Dek 2017 03:14:07 307 0

Dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul zamanı şəhid övladlarına üstünlük veriləcək

Həmçinin Qarabağ müharibəsi iştirakçıları və əlillərinin uşaqları da üstünlük qazanacaqlar

Nazirlər Kabinetinin 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilib.

“Report” xəbər verir ki, dəyişikliklərə əsasən, dövlət məktəbəqədər təhsil müəssisəsinə, ilk növbədə, şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, tək işləyən valideynlərin, I və II qrup əlillərin, hərbi xidmətdə olan valideynlərin, təhsilalan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul ediləcəklər.

Bundan əlavə, məktəbəqədər təhsil müəssisəsində təhsilverənlər qanunvericiliklə müəyyən edilmiş qaydada ildə bir dəfə dövlət hesabına, digər işçilər isə ən azı ildə 2 dəfə təsisçinin hesabına tibbi müayinədən keçə biləcəklər.

Həmçinin Azərbaycan dilini öyrətmək və Azərbaycan dilində ünsiyyət bacarıqlarını inkişaf etdirmək şərti ilə məktəbəqədər təhsilin digər dillərdə də aparılması mümkün olacaq.

Eyni zamanda, təhsilalanlar ödənişsiz tibbi xidmətdən istifadə etmək, sağlamlıq vəziyyətinə görə tibbi müayinə xidmətlərindən yararlanmaq, çatışmazlıqların (nitq qüsurları, eşitmə və görmə qabiliyyətlərinin zəifliyi) korreksiya edilməsi üçün psixoloji-tibbi-pedaqoji yardım almaq imkanı əldə edəcəklər.