Ucqar kənd məktəbində müəllim işləyən gənc


Digərləri 22 Dek 2017 23:10:00 362 0

Ucqar kənd məktəbində müəllim işləyən gənc

Ehtiram Safquliyev: “Öyrəndiklərimi məhz burada tətbiq etmək mənim arzum olub”

Ehtiram Safquliyev: "Öyrəndiklərimi məhz burada tətbiq etmək mənim arzum olub" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Çox qısa müddət ərzində ucqar kəndin çətinliklərinə sinə gərməyi bacarıb. Deyir ki, səbir və inamla bütün çətinliklərin öhdəsindən gəlmək olar. Əsas olan özünə inanmağı bacarmaqdır. Bu iki bacarıq sayəsində insanın edə bilməyəcəyi heç nə yoxdur. Düşünür ki, insan özünü əvvəlcədən çətinliyə hazırlamalıdır ki, sonradan gözü qorxmasın. Bu prinsipləri öz həyatında tətbiq edən müsahibimiz Zaqatala rayonu Üçüncü Tala kənd tam orta məktəbinin müəllimi Ehtiram Safquliyevdir.

Qeyd edək ki, E.Safquliyev 1993-cü ildə Zaqatala rayonunun Muğanlı  kəndində anadan  olub. 2001-ci ilə elə həmin kənddə orta məktəbə gedib, 2011-ci ildə orta məktəbi başa vurur və qəbul imtahanında 508 bal toplayaraq Bakı Dövlət Universitetinin coğrafiya  fakültəsinin coğrafiya  müəllimliyi  ixtisasına  qəbul  olur. 2015-ci  ildə universiteti bitirdikdən sonra hərbi  xidmətə  yollanır. Hərbi xidmətini  də başa vurduqdan sonra  ixtisası üzrə işləməyə qərar verir. Elə bu məqsədlə 2017-ci ilin avqust ayında Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu ilə bağlı keçirdiyi imtahanda 52 bal toplayaraq Zaqatala rayonu Üçüncü Tala kənd tam orta məktəbində müəllim işləmək hüququ qazanır. Təxminən dörd aydır ki, həmin məktəbin  coğrafiya  müəllimidir.   Həmsöhbətim deyir ki, onun müəllim olmasını daha çox ailəsi istəyib: "Düzünü  desəm, müəllim olmağımı ilk olaraq ailəm istəmişdi. Elə ixtisas  seçimi ərəfəsində məni bu yola onlar istiqamətləndirdilər. Nədənsə, mən də onlarla razılaşdım. İkinci-üçüncü  kurslarda oxuyanda isə məndə müəllim işləmək üçün güclü bir istək, həvəs  yarandı. Bu işdə universitet müəllimlərimin və o zamanlar ətrafımda olan  insanların rolu böyük olub. Elə mənim də içimdə "sən müəllim  olmalısan" kimi bir hiss vardı. Elə hər şey ondan sonra başladı".

Ehtiram müəllim deyir ki, bu peşə heç də kənardan göründüyü qədər asan deyil: "Ucqar kəndi seçməkdə  məqsədim o yerlərdə bizlərə - gənclərə ehtiyacın olmasıdır. Hiss edirəm ki, gənclər  getdiyi yerlərə yeni nəfəs gətirir. Onlar fərqlilik yaratmağı bacarır. Mən də bura gəlməzdən əvvəl çalışacağım məktəbdə  nə isə maraqlı  işlər  görəcəyimi, fərqli ab-hava yaradacağımı düşünərək getmişdim. Bu təhsil ocağına hər hansı bir işimlə  töhfə verə biləcəyimi düşünmüşdüm. Amma bu, göründüyü qədər də asan bir iş deyil. Deyərdim ki, ümumiyyətlə, bu  işin asan tərəfi  yoxdur. Mənə elə gəlir ki,   dünyada ən çətin işlərdən biri insanla işləməkdir. Müəllim də uşaqlarla işləyir. Biz müəllimlər təkcə şagirdlərimizin təhsili ilə məşğul olmuruq. Həm də çalışırıq ki, uşaqların təlim-tərbiyəsi ilə maraqlanaq, onları bir növ, həyata hazırlaya bilək. Çünki müəllim öz şagirdlərinin gözündə bir nümunə, örnəkdir. Ona görə də,  çalışmalısan ki,  təlim  prosesində maksimum şəkildə səhvsiz işləyəsən. Əgər səhv  etsən, bu, şagirdin psixologiyasında sarsılmaz iz qoya bilər".

Həmsöhbətimiz deyir ki, çətinliklərə əvvəlcədən özünü psixoloji olaraq hazırlayıbmış: "Düzü, çətinliklərə əvvəlcədən tam hazır idim. Daha doğrusu, özümü  psixoloji olaraq hazırlayırdım ki, sonradan bu,  mənə sarsıntı yaşatmasın. Mən özüm də bu bölgənin  insanı olduğum  üçün, bu  yerlərin  çətinliklərinə  bir növ əvvəldən bələd idim. Ona görə də xüsusi bir problem  yaşamadım. Əksinə, daha tez uyğunlaşdım desəm, doğru olar. Çünki öz rayonuma bağlı bir insanam. Öyrəndiklərimi məhz burada tətbiq  etmək mənim arzum olub. Şükürlər olsun ki, buna da nail ola bildim. Həm də düşünürdüm ki, rayonumuzda təhsilin inkişafına töhfə verə bilərəm. Bu duyğu və düşüncə ilə gəlib  buralara çatdım".


Xəbərə aid fotolar