"Qara, tüklü, eybəcər məxluq sinəmdə oturub..."


Digərləri 22 Dek 2017 22:10:00 303 0

"Qara, tüklü, eybəcər məxluq sinəmdə oturub..."

"Kömək edin! Kömək edin... Nə qədər çağırmaq, var-gücümlə qışqırmaq istəsəm də, bacarmırdım. Yerimdə çırpınmaq, çabalamaq istəyirdim, əllərim, ayaqlarım sözümə baxmırdı... Çox çarəsiz idim... Getdikcə nəfəsim tükənirdi. Boğazıma çökmüş qara kölgə ağırlığı ilə getdikcə məni əzir, nəfəsimi kəsir, gözlərim hədəqəsindən çıxırdı. Dəhşətə gəlmişdim, çox qorxurdum, getdikcə heç bir müqavimətin işə yaramayacağını anlayıb, sonumun çatdığını qəbul edirdim. Elə bil bütün dünyanın ağırlığı üzərimə çökürdü, məni sıxırdı, əzilirdim, əzilirdim... Bədənim xıncım-xıncım olur, heçliyə yuvarlanırdım...

Və birdən elə bil qeybdən bir səs eşitdim. Bu səsin sehrilə üzərimə çökən qara kölgə də bir anda çəkilib, yox oldu. Gözlərimi açanda anam "bismillah", - deyə-deyə alnımda puçurlanan təri silirdi.

Bu hal məndə birinci dəfə deyildi ki, baş verirdi. Son zamanlar demək olar, hər gecə yuxuya gedən kimi məni qara basırdı. Artıq yatmaqdan qorxurdum, o qara kölgənin məni boğması hissini təkrar yaşamaq istəmirdim..."

Qarabasma ilə bağlı yaşadığı hissləri Ailem.az-la bölüşən 16 yaşlı Elvin dilə gətirir bu sözləri. Yəqin çoxlarına tanışdır həmin boğulma və qarabasma hissi. Hər birimiz həyatımızda bir dəfə də olsa bunu yaşamışıq. Amma elə insanlar var ki, onlarda qarabasma tez-tez təkrarlanır. Bəs görəsən qarabasma nədir və hansı hallarda ortaya çıxır? Bu, bir psixoloji problemdirmi? Qarabasmadan qurtulmaq mümkündürmü?

"İçinə cin qaçıb"

Son.az bildirir ki, mövzu ilə bağlı ailem.az-ın suallarını cavablandıran psixoloq-psixoterapevt Xanım Niftəliyeva deyir ki, yuxu ilə reallıq arasında olarkən üzərimizə gələn ağır bir qaraltılı məxluqa qarabasma deyilir. Elmdə isə bu, yuxu iflici, yaxud ren yuxusu kimi adlanır: "Evdə tək olduqda, yaxud yuxuya getdikdə sanki bir qaraltı üzərimizə çökür və bu, bizi qorxutmağa başlayır. Çox yorğun olduqda və gərgin iş rejimində işlədikdə qarabasmanın artması müşahidə olunur. Yer üzündəki hər on insandan səkkizində günaşırı qarabasmalar olur. Qarabasma tək bizim mədəniyyətimizdə adət-ənənələrimzdə, dini inanclarımızda deyil, bir çox ölkələrdə müxtəlif yanaşmalarla müşahidə edilir.  Almaniyada bunu bəzən caduların, cinlərin yuxuda insanlara təsiri kimi qəbul edirlər. Amerikada yad planetlilərin insanı yuxuda qaçırıb əziyyət verməsi kimi, Rusiyada isə yuxu iflicinə səbəb olan "dımovoy" adında kişi ruhunun inancı kimi yanaşılır. Bu ruhun xəyanət edən, yaxud pis evlilik keçirən insanı cəzalandırdığı düşünülür. Bu da Rusiyanın dini inanclarına, mədəniyyətinə xas olan bir versiyadır. Azərbaycanda isə bəzən bunu "içinə cin qaçıb" kimi, yaxud göz-nəzərlə əlaqələndirirlər, hətta falçıya, çıldaq deyilən ocaqlara aparırlar insanları".

Qarabasma cəmi 2-3 saniyə baş verir

Həkim məlumat verir ki, qarabasmanın müəyyən göstəriciləri var. Yatdıqdan bir saat sonra qışqıraraq oyandıqda, yaxud yuxuda ağladıqda beyin sıxılır və nəfəs alıb-vermək ağırlaşır. Yuxudan oyandıqda saatlarla qarabasmadan əziyyət çəkən insanlar yataqdan qalxa bilmir. Qarabasmaların yaranmasının iki əsas səbəbi var: qan dövranının zəifləməsi və psixoloji gərginlik: "Yuxudan oyanmağa saniyələr qalmış sinir sistemində olan iflicin nəticəsində qarabasma ortaya çıxır. Yuxu iflici olarkən insan təkrar ren yuxusuna daxil olmadan, yaxud ren yuxusundan tam uzaqlaşmadan qarabasma baş verir. Bu qarabasmalar yalnız 2-3 saniyə davam edir. Lakin insana elə gəlir ki, bu, bir neçə saat davam edib". 

Bu uşaqlar özlərinə zərər vurmağa başlayırlar