Bənzərsiz ssenarilərlə kino dünyamızı zənginləşdirən sənətkar FOTO
Kriminal 22 Dek 2017 21:33:00 331 0
Bu gün görkəmli kinorejissor, ssenarist, kinodramaturq, Xalq Artisti Həsən Seyidbəylinin anadan olmasından 97 il ötür. Azərbaycan incəsənətinin görkəmli nümayəndələrindən olan bu böyük kino xadiminin yaradıcılığı hər zaman sənətşünasların diqqət mərkəzində olub və zaman-zaman onun sənət dünyası tədqiqat obyektinə çevrilib. Bu mənada AZƏRTAC-ın sifarişi ilə Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mətanət Nəsirovanın kinorejissora həsr etdiyi yazı da maraq doğurur.
Ədəbiyyatdan mədəniyyətə gedən yol
1920-ci il dekabrın 22-də Bakıda anadan olan Həsən Seyidbəyli Leninqrad Kino Mühəndisləri İnstitutunun səs operatorluğu və Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alıb. Sonralar ali ssenari kurslarında təhsilini davam etdirən sənətkar 1963-1980-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında kinorejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində çalışıb.
Həsən Seyidbəyli yaradıcılığa ədəbiyyatla başlamışdı. Onun ədəbi yaradıcılığında "Kür sahillərində" , "Telefonçu qız" povestləri, "Uzaq sahillərdə" romanı ( İ.Qasımovla birgə), "Cəbhədən cəbhəyə", "İllər keçir" ( İ.Qasımovla birgə), "Çiçək" romanları, "Dəniz cəsurları sevir" (İ.Qasımovla birgə), "Sən nə üçün yaşayırsan" (İ.Qasımovla birgə) pyesləri mühüm yer tutur. H.Seyidbəyli kinoya kiçik oçerklər müəllifi kimi gəlmişdi. "Böyük yol" , "Bakıdan - Göygölədək" film-oçerkləri milli kinematoqrafiya sənətinə istedadlı bir gəncin qədəm basdığından xəbər verirdi. Böyük sənət yolunun başlanğıcında duran bu əsərlərdə ilk istedad qığılcımları, vətənə ülvi məhəbbət duyğuları, təbiətə vurğunluq hissləri çox məharətlə tərənnüm olunmuşdu. "Nəsimi" filmini çəkmək böyük bir imtahan idi. Ziddiyyətli tarixi dövrün materiallarını ilk dəfə bədii kinoya gətirmək doğrudan da, riskli bir iş idi, ancaq H.Seyidbəyli bu riskə getdi. Filmin bədii keyfiyyətləri yüksək idi və Nəsiminin dövrü, onun həm şair, həm də yüksək duyğulara malik insan kimi kinoportreti tamaşaçıları valeh etmişdi. H.Seyidbəyli baş rola gənc aktyor Rasim Balayevi çəkmişdi. O, həm də Rasim Balayevi kino sənətinə gətirməklə kino tariximizi zənginləşdirdi. Ömrünün son vaxtlarında H.Seyidbəyli "Xoşbəxtlik qayğıları" filmini çəkdi. Filmin ssenarisini də rejissor özü yazmışdı. Filmdə qəhrəmanlar köhnəliyin qalıqlarına qarşı çıxır, hər şeyi yenidən başlamaq istəyirlər. Milli mədəniyyət tariximizin müasir mərhələsinin ən böyük simalarından olan aktyor ömrünü ədəbiyyata və incəsənətə həsr etmiş, incəsənətin müxtəlif növlərində, janrlarında nailiyyətlər qazanmışdır. Həmin istiqamətlərdən biri də kinodramaturgiyadır. H.Seyidbəylinin kinossenari yaradıcılığı daim diqqət mərkəzində olmuşdur. Sənətkar öz kinossenarilərində maraqlı, gərgin, dramatik süjet ustası, bir-birindən fərqlənən tutarlı xarakterlər yaradıcısı kimi diqqəti cəlb edir. H.Seyidbəylinin kinossenariləri öz ideya məzmunu və bədii-emosional keyfiyyətləri cəhətdən maraq kəsb edir.
Həsən Seyidbəylini kinematoqrafiyada yaşadan ssenarilər
Həsən Seyidbəylinin ssenari müəllifi olduğu "Cazibə qüvvəsi", "Doğma xalqıma" , "Xoşbəxtlik qayğıları", "Qızmar günəş altında" , "Möcüzələr adası" , "O qızı tapın" , "Sən niyə susursan?" , "Telefonçu qız", "Uzaq sahillərdə", "Yolda əhvalat" kimi filmlər onun ssenarist kimi istedadını sərgiləyir. Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan H.Seyidbəylinin böyük kino ilə ilk təması "Uzaq sahillərdə" (1958) filmi ilə baş tutmuşdu. Xalq Yazıçısı İmran Qasımovla birgə yazdıqları "Uzaq sahillərdə" filminin ssenarisində kinematoqrafiyanın bütün tələblərinə əməl edilmişdi. Müharibə mövzusunun çox sərrast işləndiyi bu ssenari, müəlliflərinə böyük şöhrət gətirdi. Filmdə İkinci Dünya müharibəsi illərində İtaliya ərazisində partizan dəstəsində vuruşan azərbaycanlı, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin qəhrəmanlığından söhbət açılır.
H.Seyidbəylinin ssenarisi əsasında çəkilən ilk bədii-sənədli film "Doğma xalqıma" (1954) filmidir. "Doğma xalqıma" ilk rəngli Azərbaycan bədii-sənədli filmidir. Konsert janrında çəkilmiş ekran əsərində Bülbül, Rəşid Behbudov, Qəmər Almaszadə, Ağababa Bünyatzadə, Leyla Vəkilova, Rəfiqə Axundova, Maqsud Məmmədov, Sona Aslanova, Azad Əliyev, Nəcibə Məlikova, Əfrasiyab Məmmədov, Həsənağa Salayev və başqa incəsənət xadimləri yaradıcılıq hesabatı verir. Bəstəkarlardan Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Qara Qarayev, Tofiq Quliyev, Soltan Hacıbəyov və Əfrasiyab Bədəlbəylinin əsərləri, "Koroğlu" və "Nərgiz" operalarından, "Yeddi gözəl", "Qız Qalası", "Gülşən" baletlərindən fraqmentlər, xalq yaradıcılığı nümunələri filmə daxil edilib.
H.Seyidbəylinin "Kənd həkimi" povesti əsasında çəkilmiş "Qızmar günəş altında" filmində şəhərdən kəndə işləməyə gəlmiş gənc həkim Aydının (Ə.Fərzəliyev) fədakar əməyindən bəhs olunur. Kəndə qısa müddətli ezamiyyətə gəlmiş filmin qəhrəmanı özünün həkimlik borcunu burada, sadə insanların arasında qalmaqda görür.