Nazirlərin Moskva görüşü: "Xəzərin statusu məsələsində dönüş nöqtəsi"


Siyasət 22 Dek 2017 18:10:00 277 0

Nazirlərin Moskva görüşü: "Xəzərin statusu məsələsində dönüş nöqtəsi"

Rusiyanın paytaxtı Moskva şəhərində Xəzəryanı ölkələrin xarici işlər nazirləri dekabrın 4-5-də bir araya gəliblər. Onlar Xəzərin bölünməsi, hüquqi statusunun müəyyənləşdirilməsi, onun ehtiyatlarından istifadə qaydalarını müzakirə ediblər.

Son.az newtimes.az-a istinadən xəbər verir ki, bu məsələnin tarixçəsinin keçən əsrin 90-cı illərinə gedib çıxdığı məlumdur. 20 ildən çoxdur ki, region dövlətləri Xəzərin statusunu müəyyənləşdirməkdə çətinlik çəkirlər. Hətta bir zamanlar daha ciddi ziddiyyətlər meydana çıxmışdı. Onların həll edilməsi regionda müsbətə doğru ciddi dəyişikliklərə səbəb ola bilər. Bütün bunlara görə, ekspert dairələri Moskva görüşünə böyük maraq göstərirdi. Görüşdən sonra Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bəyanatla çıxış etdi. O, müzakirələrin səmərəli olduğunu, Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın demək olar ki, razılaşdırıldığını və prezidentlərə təqdim ediləcəyini bildirdi. Konvensiyanın gələn il Qazaxıstanda keçiriləcək növbəti sammitdə imzalanması proqnozlaşdırılır. Bu məsələ ilə əlaqəli bir sıra məqamların təhlili zəruridir.

Köhnə miras: Xəzərdə geosiyasi ziddiyyətlər və dənizin statusu

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskva görüşünün uğurlu olduğunu bəyan edib. Müzakirələr dekabrın 4-5-də Rusiyanın paytaxtında baş tutub. Ekspertlər tədbirdən öncə verdikləri proqnozlarda tərəflər arasında Xəzərin statusu ilə bağlı ciddi ziddiyyətlərin olduğunu əsas gətirərək, müəyyən fikir ayrılıqlarının qalacağından bəhs edirdilər. Bir çoxlarının təəccübünə rəğmən, S.Lavrov bu proqnozu alt-üst etdi. Görüşdən sonra keçirdiyi brifinqdə rusiyalı nazir Xəzərin statusu ilə bağlı 20 ildən çox aparılan müzakirələrin "demək olar ki, yekunlaşdığını" və bununla bağlı konvensiya üzərində işin başa çatmaqda olduğunu ifadə edib (bax: Выступление Министра иностранных дел Российской Федерации С.В.Лаврова в ходе пресс-конференции по итогам Совещания министров иностранных дел прикаспийских государств, Москва, 5 декабря 2017 года / www.mid.ru, 5 dekabr 2017).

S.Lavrov həmin məqamlarla bağlı jurnalistlərə deyib: "Biz Xəzərdə mövcud olan cari məsələləri müzakirə etdik. Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya layihəsinə xüsusi diqqət yetirdik. Xüsusi məmnuniyyət hissi ilə vurğulayıram ki, bu sənədin hazırlanması ilə bağlı açıq qalan bütün əsas məsələlər üzrə razılıq əldə olundu. Faktiki olaraq Konvensiyanın mətni hazırdır" (bax: əvvəlki mənbəyə). Problemin tarixinə qısa nəzər saldıqda, nazirlərin ciddi irəliləyiş əldə etdiyini görmək olur.

Xəzər dəniz-göldür. O, dünyanın ən iri qapalı su hövzələrindən biridir. Xəzərin şimaldan cənuba uzunluğu təqribən 1,2 min kilometrdir. Qərbdən şərqə eni isə 200-dən 435 kilometrə qədərdir. Sahəsi 371 min kvadratkilometri təşkil edir. Su həcmi 76 min kubmetrdir. Bu, dünyanın göl suyu ehtiyatının 44%-ni təşkil edir. Xəzərin maksimal dərinliyi 1025 metrdir. Ona 130 çay axır. Ən böyüyü Volqadır. Bunlardan başqa, Xəzəri dünyada məşhurlaşdıran onun zəngin neft-qaz ehtiyatlarıdır. Tarixən burada neft istehsal edilib və bu proses XX əsrdə daha geniş məzmun kəsb edib. O cümlədən Xəzərin enerji ehtiyatları böyük geosiyasi güclərin mübarizə obyektinə çevrilib. Bu səbəbdən Xəzəryanı bölgə daim müxtəlif dövlətlərin neft və qaz uğrunda savaş meydanı olub.

Xəzər dənizinin statusu SSRİ ilə İran arasında 26 fevral 1921-ci il tarixli hüquqi müqavilə və 25 mart 1940-cı il tarixli ticarət və dənizçilik üzrə imzalanan sazişlərlə tənzimlənirdi. Lakin onlarda dənizin dibinin istifadəsi məsələsi öz əksini tapmayıb. Vəziyyət SSRİ dağılandan sonra daha da gərginləşdi. SSRİ-ni Xəzər hövzəsində Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi ayrı-ayrı dövlətlər əvəz etdilər. Avtomatik olaraq, bu ölkələrin öz aralarında və İranla Xəzərin hüquqi statusunu, dənizin dibindəki ehtiyatlardan istifadə qaydasını müəyyənləşdirmək lazım gəlirdi.

Lakin bu proses meydana gələn geosiyasi və energetik ziddiyyətlər fonunda daha da mürəkkəbləşdi. Vəziyyət hətta Xəzəryanı ölkələr arasında potensial savaş səviyyəsinə qədər gərginləşdi. 1996-cı ildə Xəzərin hüquqi statusunu müəyyən etmək üçün beş hövzə ölkəsinin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupu yaradıldı. Danışıqlar məhz bu qrup çərçivəsində aparılır. Müzakirələrə dənizin bioloji və mineral ehtiyatlarından, gəmiçilikdən istifadə, təhlükəsizliyin təmini və ekosistemin qorunması kimi məsələlər də daxildir.

20 ildən sonra: problemin həlli uzaqda deyil

1998-ci il iyulun 6-da Rusiya ilə Qazaxıstan Xəzərin şimal hissəsinin dibinin bölünməsi və onun ehtiyatlarından istifadə ilə bağlı saziş imzaladılar. 2002-ci il mayın 13-də isə bu sazişin protokolu imzalandı. 2001-ci il noyabrın 29-da Azərbaycanla Qazaxıstan Xəzər dənizinin bölünməsi ilə bağlı saziş imzaladılar. 2003-cü il fevralın 27-də həmin sazişin protokolu imzalandı. 2003-cü il mayın 14-də Azərbaycan, Rusiya və Qazaxıstan Xəzərdə həmsərhəd hissələrin ayrılan xətlərinin kəsişmə nöqtəsi haqqında saziş imzaladılar. 2003-cü il noyabrın 4-də isə dəniz ətraf mühitinin müdafiəsi ilə bağlı çərçivə konvensiyası imzalandı. Həmin konvensiya 2007-ci ildən qüvvədədir. 2011-2012-ci illərdə beş Xəzəryanı ölkə dənizin neftlə çirkləndirilməsinə qarşı əməkdaşlıqla bağlı sənəd hazırladılar.

Bunların fonunda bir neçə dəfə Xəzəryanı ölkələrin başçılarının sammitləri keçirilib (2002, 2007, 2010 və 2014-cü illərdə). Bakıda keçirilən 3-cü sammitdə "Xəzər beşliyi" birgə bəyanat verdi və Xəzərdə təhlükəsizliyin təmini ilə bağlı əməkdaşlığa dair razılığa gəlindi. Növbəti sammitin 2018-ci ildə Qazaxıstanda keçirilməsi nəzərdə tutulub.

Bunlara baxmayaraq, illərdir ki, Xəzəryanı ölkələr hüquqi statusu müəyyənləşdirə və Xəzəri bölə bilmirlər. Rusiya dənizin dibini bölməyi, su hissəsinin isə ümumi istifadədə qalmasını təklif edib. Yəni milli sektorlar faktiki olaraq dənizin dibinə aid edilir. Azərbaycan dənizin dibini, su hissəsini və hava sahəsini milli sektora daxil etməyi təklif edib. İran isə milli sektorlara bölünmə prinsipini qəbul etmir. Milli sektorlara bölünmə halında isə özünə 20%-in ayrılmasını tələb edir. Rusiyanın təklifinə görə, İrana 13% düşməlidir. Bundan başqa, İran və Türkmənistan Azərbaycanın istifadə etdiyi neft yataqlarından bəzilərinin onlara aid olduğunu bildiriblər və bununla bağlı ciddi mübahisələr gedib.

Xəzəryanı ölkələrin təmsilçiləri Moskva görüşünə bu cür ciddi fikir ayrılığı ilə yığışmışdılar və S.Lavrovun bəyanatı ümidləri artırdı. Nazirlər aktual sahələr üzrə əməkdaşlığın razılaşma-hüquqi bazasının formalaşmasına nail oldular. Onlar Həştərxanda keçirilən 4-cü sammitin qərarlarının uğurla yerinə yetirildiyini ayrıca qeyd ediblər. Məsələn, bioehtiyatlardan istifadə və fövqəladə halların aradan qaldırılması ilə bağlı tədbirlər həyata keçirilir.

Birgə layihələrin hazırlanması və həyata keçirilməsi sahəsində daha intensiv əməkdaşlıqla əlaqədar ortaq fikrə gəlinib. İqtisadi əməkdaşlıq və nəqliyyat üzrə əməkdaşlıqla bağlı sənəd üzərində gərgin iş aparılır. Qaçaqmalçılıq, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə istiqamətlərində intensiv çalışılır.

Bütün bunlara görə, Rusiyanın xarici işlər naziri görüşün nəticəsini "çox pozitiv" kimi qiymətləndirib (bax: əvvəlki mənbəyə). Hüquqi statusla bağlı konvensiya dövlət başçılarına təqdim edilməlidir. Əgər prezidentlər də razılıqlarını versələr, onda gələn ilin birinci yarısında Qazaxıstanda tarixi sənəd imzalana bilər.

Şübhə yoxdur ki, bu, sevindirici haldır və Xəzər hövzəsində sülh və sabitliyi təmin etmək şansının artdığını göstərir. Qlobal geosiyasi kontekstdə də onun əhəmiyyəti az deyil. Birincisi, Xəzərdə təhlükəsizliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar üçün imkan yaranır. Xəzəryanı ölkələr bununla bağlı ortaq fəaliyyət göstərə bilərlər. İkincisi, "Yeni İpək Yolu" kimi qlobal bir layihənin reallaşmasında Xəzəryanı ölkələrin aktiv və təhlükəsiz iştirakı üçün hüquqi baza formalaşa bilər. Bu, regionun bütün dövlətlərinə sərfəlidir. Çünki Çin daha təhlükəsiz marşrutlara üstünlük verir ki, bu da təbiidir. Üçüncüsü, Xəzərin hüquqi statusunun razılaşdırılması kənar qüvvələrin burada təxribatlar törətmək imkanlarını əlindən alır. Bu məsələdə Rusiya ilə İran da çox maraqlıdırlar. Onlar Qərbin böyük dövlətlərinin Xəzərə müdaxiləsini qətiyyən istəmir, bu səbəbdən də Xəzərdə öz hərbi güclərini durmadan artırırlar.

Beləliklə, nazirlərin Moskva görüşü Xəzərin statusunda dönüş nöqtəsi ola bilər. Lakin sənədin məzmunu hələ bəndlərinə qədər açıqlanmayıb. Yalnız hər şey müəyyənləşdirildikdən sonra Xəzərin hüquqi statusunun qalıcı olub-olmayacağı barədə fikir yürütmək mümkün olacaq. İstənilən halda region dövlətlərinin bu məsələdə prinsipial razılıq əldə etməsi çox müsbət haldır.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində