DTX-nın Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin yaradılmasının 50 illiyinə həsr olunan mərasim keçirilib


Siyasət 22 Dek 2017 17:51:42 299 0

DTX-nın Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin yaradılmasının 50 illiyinə həsr olunan mərasim keçirilib

Əməkdaşlara mükafatlar təqdim olunub

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin yaradılmasının 50 illiyinə həsr olunan təntənəli mərasim keçirilib.

“Report”un xəbərinə görə, tədbirdə ictimai-siyasi, mədəniyyət və incəsənət xadimləri, dövlət qurumlarının rəhbərləri iştirak edib.

DTX rəisi, general-leytenant Mədət Quliyev məktəbin yaradılmasının 50 illiyi münasibətilə təbriklərini çatdırıb.

M.Quliyev xatırladıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin inkişafı və tanınması sahəsində misilsiz xidmətlər göstərib: “Bütün bunlar Heydər Əliyevin Azərbaycanı dünyada təmsil edən böyük sənət adamlarına diqqətindən, qayğısından, vətənə, xalqına sevgisindən irəli gəlirdi. Çünki onun doğma Azərbaycana olan məhəbbəti sonsuz idi. 1969-cu ildə ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbər təyin edildikdən sonra bütün sahələrdə nailiyyətlər qazanıldı. Həmin illər intibah dövrü adlanır. İstər Bakıda, istərsə də regionlarda mədəniyyət evləri, klublar, kitabxanalar yaradıldı. Onun şeirə, sənətə həssas münasibəti var idi. O, musiqiyə də böyük önəm verirdi. Ulu öndər Heydər Əliyevin övladları Prezident İlham Əliyev və Sevil Əliyeva Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbini müvəffəqiyyətlə başa vurublar”.

DTX rəisi qeyd dib ki, Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkəni məhv olmaqdan xilas edib: “Müstəqillik uğrunda misilsiz xidmətləri var. Onun siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

M.Quliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin tərəqqisinə, geniş beynəlxalq arealda milli tarixin, incəsənətin, musiqinin, o cümlədən klassik muğam və aşıq sənətinin inkişafı üçün böyük töhfələr verdiyini, möhtəşəm layihələr həyata keçirdiyini bildirib.

O vurğulayıb ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda təşkil olunan mədəni tədbirlər, beynəlxalq musiqi və mahnı müsabiqələri dünyaya səs salır.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təltif edilən DTX Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin əməkdaşlarına mükafatlar, habelə fəxri fərmanlar təqdim olunub. Mərasimdə DTX Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin kollektivi adından Azərbacan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Sonra məktəbin şagirdləri tərəfindən maraqlı musiqili kompozisiyalar, səhnəciklər və rəqs təqdim olunub, məşhur bəstəkarların əsərlərindən hissələr ifa edilib.