SOCAR istiqrazlarının qiymətlərinin yüksəlməsi gözlənilir


Digərləri 22 Dek 2017 16:25:00 254 0

SOCAR istiqrazlarının qiymətlərinin yüksəlməsi gözlənilir

İstiqrazlar üzrə növbəti ödənişə (17 yanvarda olacaq) qədər qiymətlərin bir qədər də yüksəlməsi gözlənilir.

Bakı. Dekabrın 21-də Bakıda «AzFinance» İnvestisiya Şirkətinin təşkilatçılığı ilə keçirilən “Kapital Bazarları 2018” tədbiri ölkənin qiymətli kağızlar bazarı və maliyyə alətləri ilə bağlı maraqlı açıqlamalarla yadda qalıb. "SOCAR Capital"dan Trend-ə verilən məlumata görə, tədbirdə «Daxili bazarda yeni çağırışlar» mövzusunda təqdimat edən «AzFinance» İnvestisiya Şirkətinin direktor müavini İntiqam Səfərəliyev bildirib ki, hazırda təkrar bazarda ən çox əməliyyat aparılan qiymətli kağız SOCAR İstiqrazıdır. İ.Səfərəliyev çıxışına konfrans iştirakçılarına ünvanlanmış sualla başlayıb: «Məni ilk növbədə bir sual maraqlandırır - SOCAR İstiqrazları olmasaydı, dollarda olan vəsaitləri belə şərtlərlə hara yerləşdirəcəkdiniz? Kimdə bu suala cavab var? Heç kimdə yoxdur. Bu yaxşı bir alət idi və kapital bazarının iştirakçıları bunu lazımınca qiymətləndirdilər». İ.Səfərəliyev bildirib ki, ölkə iqtisadiyyatında şəffaflığın artırılması ilə bağlı ən təsirli yollardan biri də qiymətli kağızlar bazarına üz tutan şirkətlərə vergi güzəştlərinin verilməsi ola bilər: «Belə olarsa, şirkətlər vergi güzəştindən istifadə etmək üçün qiymətli kağızlar bazarına üz tutacaq, və bazarının tələblərinə görə, şəffaf olmağa başlayacaqlar».