Düşmən Azərbaycana qarşı kosmik kəşfiyyata cəhd edir FOTO


Siyasət 22 Dek 2017 11:08:00 279 0

Düşmən Azərbaycana qarşı kosmik kəşfiyyata cəhd edir  FOTO

Bu yaxınlara qədər kəşfiyyat vasitələri təmas xətti boyu məftilə düzülmüş boş konserv qutularından ibarət olan düşmən ordusu Azərbaycana qarşı kosmosdan kəşfiyyat aparmaq niyyətinə düşüb. Belə ki, Ermənistan silahlı qüvvələri yaxın gələcəkdə öz kəşfiyyat imkanlarını genişləndirəcək və qonşu ölkələrin ərazisində "komsik çəkilişlərin  köməyi ilə" operativ kəşfiyyat aparacaq.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin ötən gün dekabrın 21-də qəbul etdiyi qərarda deyilir. Məlumatı "Azadlıq" radiosunun erməni xidməti yayıb.

Qərara əsasən ötən ay hökumətin qərarı ilə yaradılmış "Geokosmos" qapalı səhmdar cəmiyyətinə "Geokosmos" qəbuledici stansiyasının proqram-texniki kompleksini modernləşdirmək və işlək vəziyyətə gətirmək üçün 3 milyon dollar ayırılır. Habelə bu səhmdar cəmiyyətin balansına təxminən 1 milyon dollarlıq əmlak verilir. Qərarda digər təfərrüatlar barədə danışılmır.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan da detallar haqda danışmaqdan imtina edib. O, layihənin "məxfi" olduğunu deyib. "Kosmik texnologiyaların köməyi ilə kəşfiyyat imkanlarının genişləndirilməsi kəşfiyyatın üsullarından biridir"-Ovanisyan deyib.

Bəs "Geokosmos"un əsasının qoyulması Ermənistanın kosmosa kəşfiyyat peyki buraxmasına hazırlıqdırmı? Ovanisyan deyib ki, bu barədə nəsə deyə bilməz. Lakin silahlı qüvvələr öz kəşfiyyat imkanlarını genişləndirir və qəbul edilən qərar da buna xidmət edən addımlardan biridir.

Radiostansiya xatırladır ki, ötən ilin aprel döyüşlərinə qədər Ermənistan ordusu dərinliklərdə kəşfiyyat aparmaq üçün texniki imkanlara malik deyildi. Bunu qondarma "dqr müdafiə naziri" Levon Mnatsakanyan da etiraf etmişdi. Lakin indi erməni tərəfi iddia edir ki, guya Azərbaycan ərazisnin dərinliklərində kəşfiyyat aparmaq üçün texniki vasitələr əldə edib.

Ermənistan parlamentinin keçmiş deputatı, beynəlxalq məsələlər və təhlükəsizlik İnstitutunun rəhbəri Stepan Səfəryan isə deyir ki, Ermənistan-Rusiya hərbi əməkdaşlıq müqavilələrində Rusiyanın kəşfiyyat peyklərindən birdə istifadə də nəzərdə tutulur. 

"Ancaq bu başqa məsələdir ki, Ermənistan rəhbərliyi Rusiyadan milli təhlükəsizlik və müdafiə ilə bağlı mühüm informasiyaları ona təqdim etməyi tələb etmək cəsarətində olmayıb. Mən özüm xatırlayıram ki, 4-cü çağırış Milli məclisdə biz bir sıra müqavilələri, o cümlədən Rusiya peyklərindən birgə istifadə barədə müqaviləni ratifikasiya etmişik"-Səfəryan deyir.

Stepan Səfəryanın fikrincə həmin müqavilə imkan verir ki, Ermənistan Rusiyanın hərbi kəşfiyyat peyklərinin imkanlarından istifadə etsin. Hərçənd ötən ilin aprel hadisələri zamanı Rusiya Ermənistana kosmik kəşfiyyat vasitəsilə əldə edilən informasiyaları təqdim etməyib. "Görünür indi hökumət bu qərarı verməklə nümayiş etdirmək istəyir ki, Rusiya peyklərindən birgə istifadə imkanlarına malikdir"-Səfəryan deyir.

Bəs Ermənistan ordusunun Rusiya hərbi kəşfiyyat peykləri tərəfindən kəşfiyyat məlumatları ilə təchiz edilməsinin mümkünlüyü nə vəd edir? Azərbaycan bu perspektivi nəzərə alırmı?

Qeyd etmək lazımdır ki, Azərbaycan hələ illər əvvəl özünün ilk kosmik peykini buraxıb. Bu peyk telekommunikasiya təyinatlı olsa da mütəxəssislər qeyd edirlər ki, hərbi təyinatlı peyklərlə mülki peyklər arasında fərq əslində azdır. Yəni istənilən vaxt mülki təyinatlı peykdən də hərbi kəşfiyyat məqsədi ilə istifadə etmək olar. Xüsusən də Azərbaycanın kosmosda artıq üç süni peykinin olduğunu və onların ən son texnologiyalarla hazırlandığı nəzərə alınarsa. Yəni Azərbaycan əslində kosmik kəşfiyyat imkanlarına çoxdan malikdir və bu imkanlardan istifadə edərək nəinki işğal altındakı ərazilərin, eləcə də Ermənistan ərazisinin kosmosdan yüksək dəqiqliklə çəkilişlərini apara bilər.

Digər tərəfdən bu günlərdə hökumət ölkəyə idxal edilən uçan aparatların, təyyarə hissələrinin və kosmik aparatların gömrük rüsumundan azad edilməsinə dair qərar verib. Bu da Azərbaycanın yaxın gələcəkdə hərbi kəşfiyyat peykləri də əldə edib kosmosa buraxa biləcəyini göstərir. Xüsusən də nəzərə alınanda ki, bir neçə il əvvəl İsrail mənbələri Azərbaycanın bu ölkədən hərbi kəşfiyyat peykləri almaq barədə danışıqlar apardığı barədə yazmışdı.

Ermənistanda nəzərə alırlar ki, Azərbaycan silahlanmanın bütün istiqamətləri üzrə onu çoxdan qabaqlayıb, o cümlədən kəşfiyyat aparmaq üçün texniki vasitələrin geniş spektrinə malikdir. Bu səbəbdən düşmən ölkə indi kosmik kəşfiyyat imkanlarına malik olmağa cəhd edir və aydındır ki, müttəfiqinin köməyi olmadan bunu edə bilməz.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində