Ələkbər əminin inanılmaz ölüm səbəbi: Diş həkiminə gedib və...


Kriminal 22 Dek 2017 05:30:00 267 0

Ələkbər əminin inanılmaz ölüm səbəbi: Diş həkiminə gedib və...

90-cı illərdə böyüyən uşaqlarda mərhəmətin, sevginin, aydın təfəkkürün formalaşmasında valideynlərin və bilik ocaqlarının təlim-tərbiyəsi ilə yanaşı, bir qəhrəmanın da böyük rolu vardı. O, mavi ekranlardan ölkənin bütün balacalarını oxşayacaq qədər böyük ürəyə, qəlbindəki sevgini bütün bəşər övladı ilə bölüşəcək qədər zəngin mənəviyyata sahib idi. O, yaşından asılı olmayaraq, hər kəsin "Ələkbər əmi" deyə müraciət etdiyi doğma sima idi. Ələkbər əmi artıq 10 ildir ki, bu həyatda yoxdur. Lakin bu cismani yoxluq onu sevənlərinə, xüsusən də ailə üzvlərinə unutdurmur. Həmsöhbətim sevimli aktyor, Təbəssüm Ordeninə layiq görülən yeganə azərbaycanlı, mərhum Ələkbər Hüseynovun həyat yoldaşı Afaq Hüseynovadır.

- Afaq xanım, Rusiyanın Sergey Suponevi, Türkiyənin Barış Mançosu vardısa, bizim də Ələkbər əmimiz vardı. Ölkədə onu tanımayan yox idi. Maraqlıdır, bəs siz onunla harda tanış olmuşdunuz?

- Analarımız "dəmiryol xəstəxanası"nda birgə işləyiblər. Tez-tez bizi özləri ilə işə aparardılar, hətta bağçaya da bir dövrdə getmişdik. Yəni, bir ətrafda böyümüşük. Amma bütün bunlardan sonralar xəbərimiz olub. Analarımızla işləyən bir xanım deyib ki, oğlan aktyordu, qız da konservatoriyada oxuyur. Hər ikisi incəsənət adamıdır, münasibətləri yaxşı tutar. Həmin xanımın vasitəsilə bizi tanış etdi. Ondan sonra da aramızda isti münasibət yarandı. Anladıq ki, bir dildə danışırıq.

- O hansı dil idi?

- İncəsənət dili...

- İnsan peşəsinə hörmətlə yanaşan ömür yoldaşı seçəndə yaşamaq daha asan olur.

- Əlbəttə, mən onun tamaşalarına gedirdim. O, mənimlə musiqi barədə danışmağı sevirdi. Beləcə bir-birimizə bağlandıq.

- Bəs neçənci ildə ailə qurdunuz?

- 1989-cu ildə evləndik. Çox ağır və çətin illər idi. 1990-cı ildə oğlumuz doğuldu, səkkiz ildən sonra isə qızımız. Onlar da hər ikisi bu sahəni seçdilər. Oğlum İncəsənət Universitetini bitirib, qızımsa Bakı Musiqi Akademiyasının skripka sinfində oxuyur, prezident təqaüdçüsüdür. Konsertlərdə, festivallarda çıxış edir.

- Afaq xanım, dediniz, mən onun tamaşalarına gedirdim. Biz Ələkbər əmini ekrandan və Kukla Teatrından tanımışıq. Bəs başqa hansısa teatrda çalışıb?

- İnstitutu bitirəndən sonra 5 il Şəki Dram Teatrında işləyib. 1988-ci ildə Bakıya qayıdıb və Gənc Tamaşaçılar Teatrında çalışıb. Bundan sonra isə Namiq Ağayevin dəvətilə Kukla Teatrına getdi və bu sahəni çox sevdi. Bilirsiniz də, Kukla Teatrı yeni sənət idi. Heç İncəsənət Universitetində belə ixtisas yoxdur. Aktyor tamaşalarda oynadıqca təcrübə qazanır. Ələkbər isə nə edirdisə, birinci olmaq istəyirdi. Hətta məşhur "Humay" mükafatı 1993-cü ildə ilk dəfə təqdim ediləndə, ən yaxşı aktyor nominasiyası üzrə qalib oldu. Kukla Teatrının repertuarına bir çox yeniliklər gətirdi. Ən əsası monotamaşalar etməyə başladı. Səhnəyə çıxırdı. Ona qədər aktyorlar pərdə arxasında olurdular axı... Rejissor kimi yeni tamaşalar səhnələşdirirdi. Hətta monotamaşaların birində düz 9 alətdə ifa edirdi. Nəlbəki, saz, tütək, qarmon, qoşa nağara və s. Bunların hamısının müəllim yanına gedib ifasını öyrənirdi. İnadkarcasına sənətində ilk olmağa doğru gedirdi. Çox gözəl rəqs edirdi, mahnılar oxuyurdu. Müxtəlif obrazların hamısını öz səsi ilə canlandırırdı.

- Öz sahəsində unikal insan idi.

- Məncə, bəli. Bəlkə də mənim deməyim düz olmaz, amma bunu hamı təsdiqləyir.

- Bəs televiziyaya necə gəldi?

- Azərbaycan Dövlət Televiziyasının əməkdaşı Səyyarə Tağıyeva Kukla Teatrının tamaşasına gəlmişdi. Orada Ələkbərə dedi ki, səni televiziya verilişinə aparıcı kimi dəvət etmək istəyirəm. Bir neçə ay "Göydən 3 alma düşdü" verilişində çalışdılar. Sonra isə "Hər birimiz bir çiçək" verilişini yaratdılar. Bu proqram düz 13 il fasiləsiz hər ay efirə getdi.

- Bu gün hamımızın evində azyaşlı uşaqlar böyüyür. Texnika, internet o qədər sürətlə inkişaf edir ki, mütləq ayaq uydurmalıyıq. Amma bununla da yanaşı, internetdə yayılan tərbiyədən uzaq oyunlar, şiddət təbliğ edən cizgi filmləri uşaqları autizmə, hətta intihara sürükləyir. Artıq ekranlarda Ələkbər əmi kimi balacalara nəvazişlə yanaşan kişi obrazına çox ehtiyac var.

- Təəssüf ki, doğrudur.

- Bəs Ələkbər Hüseynov necə ata idi?

- Övladlarımızı sərhədsiz sevirdi. Oğlum dünyaya gələnə yaxın ad seçməyə başlamışdıq, amma qəti qərar verməmişdik. Oğlumuz doğuldu. Körpə ilə xəstəxanada idim. Mənə gül yolladı, üzərində də bir məktub vardı: "Mənim Cavidan oğlum necədir?" (Gülürük). Yəni artıq adını vermişdi. İlk övladı idi. Cavidanı çox sevirdi.

- Qızınız isə 8 il sonra doğuldu.

- Çox vaxt məndən soruşurlar, niyə bu qədər fasilə vermisiniz? Axı çox çətin vaxtlar idi. Müharibə dövründə kimə lazım idi teatr? Hamı bir parça çörək dalınca qaçırdı. Yavaş-yavaş bu ağır günlər geridə qaldı və 1998-ci ildə qızımız Nərgiz doğuldu. Təsəvvür edirsiniz də, oğlumuz məktəbə gedirdi, evdən yenidən körpə səsi gəlməyə başladı. Həm də qız uşaqları özlərini bir başqa cür sevdirirlər axı... Nərgizi də xüsusi həssaslıqla sevirdi. Təəssüf ki, nə övlad toyu gördü, nə də nəvə görə bildi.

- Nəvələriniz oğlumla birgə bağçaya gedirlər. Hətta birinə elə Ələkbər adı vermisiniz.

- Bəli, oğlumun iki oğlu var. Nəvəmin biri onun adını daşıyır.

- Bildiyimə görə, Ələkbər əminin anası ilə birgə yaşayırsınız.

- Bəli. Bir ana üçün övlad itkisi bilirsiniz də necə ağırdır. Özü də yeganə oğlu idi.


Xəbərə aid fotolar