Analar ana südünü mübadilə edirlər. Bu təhlükəlidirmi?


Digərləri 21 Dek 2017 22:05:00 293 0

Analar ana südünü mübadilə edirlər. Bu təhlükəlidirmi?

BBC-nin araşdırması minlərlə ananın öz südünü sosial şəbəkələrdəki qruplar vasitəsilə satdığını müəyyən edib. Böyük Britaniya Səhiyyə Nazirliyinin ünvanına qeyri-rəsmi süd donoru olmaq istəyən analar üçün yeni tövsiyyələr planı hazırlanması üçün çağırışlar səslənib. Bəzi ekspertlər bu təcrübənin təhlükəli viruslar, xüsusulə QİÇS və hepatitin yayılmasına şərait yaradacağından ehtiyat edirlər. Digərləri isə qadınların yaxşı məlumatlandırıldığını və şüurlu şəkildə hərəkət etdiklərinə inanırlar.

Bex südünün çatmadığını anlayırdı, amma inək südü və uşaq yemək qarışığı onun üçün alternativ deyildi

Uşaq yemək qarışığı əvəzinə

Wolverhampton (mərkəzi Britaniya) şəhərindən olan Bex Poole oğlunu özü əmizdirə bilmədiyini anlayanda həyəcanla alternativ yollar axtarmağa başladı. Teo-nun onun yaşında olan sağlam körpələr kimi çəkisi artmırdı. Lakin Bex özü inək südü içmir və oğluna da onu vermək istəmir. O, körpəni uşaq yemək qarışığı ilə yedizdirmək də istəmirdi. Rəfiqəsi ona Facebook-dakı "İnsan övladı üçün insan südü - Birləşmiş Krallıq" səhifəsinə daxil olmağı tövsiyyə edir. Sosial qrupda südü həddən artıq çox olan analar südü az olan analarla bölüşə bilirlər. Son 5 ildə səhifədə "bəyəni" işarəsi 5 dəfə artaraq 18 minə yüksəlib.

"Mənim daha südüm yox idi və mən düşünmədən kömək üçün bu səhifəyə üz tutdum ", - deyə Bex danışır.

"Mənim südüm həddən artıq çox idi"

Tezliklə Worcestershire qraflığındakı Kiddenminster (həmçinin mərkəzi Britaniya, Wolverhampton-un cənubundan 27 km aralı) şəhərindən olan gənc ana Sarah McHough onunla əlaqə saxlayır. Onun özünün də qızı Harriet-i əmizdirməklə bağlı problemləri var idi, lakin sonradan elə alındı ki, onun südü həddən artıq oldu.

"O zaman mən əmizdirən analar qrupundan birinə yazdım və onlarla südümü bölüşməyə hazır olduğumu dedim ", - deyə Sarah danışır.

Sarah McHough-un özü əvvəlcə əmizdirməklə bağlı problemlə qarşılaşmışdı, lakin nəticədə onun südü lazım olandan artıq idi

Qadınların ilk görüşü axşam vaxtı baş tutduğuna görə, onlara elə gəldi ki, nə isə qeyri-qanuni bir şey baş verir.

"Sadəcə, biz bunu başqa vaxt edə bilməzdik ", - deyən Bex əlavə edir ki, hər şey şübhəli bir sövdələşməni xatırladırdı: Sarah-ın qapısı qarajların arxasında gizlənmişdi. "Onun körpəsi yatmışdı, özü isə gecə geyimində idi və özü də yatmağa hazırlaşırdı. Mən südü götürdüm və dərhal getdim. Yalnız evə gəldikdən sonra mən ona ismarıc yazıb təşəkkür etdim," - deyə Bex danışır.

Sarah McHough ana südünün bir hissəsini südü çatmayan anaya vermişdi

Öz növbəsində Sarah bir vaxtlar belə problemlə üzləşdiyinə görə, başqa qadına kömək etməsindən çox məmnun idi.

"Hazırda hamını körpəsini ana südüylə bəsləməyə çağırırlar. Axı, hər kəs körpəsini ana südüylə qidalandıra bilmir və ya kifayət qədər südü yoxdur. Bu isə onu alternativ (məsələn, onlayn cəmiyyətlər) yollar axtarmağa məcbur edir.

İndi qadınlar onların arasında əlaqənin yarandığını hiss edirlər: Bex-in soyuducusu Sarah-ın südüylə doludur.

Bağırsaq çöpü və digər sürprizlər

Bu cür qeyri-rəsmi sxemlər bəzi ekspertlərin tənqidinə səbəb olub. Onların bəzisi başqasının körpəsini ana südü ilə təmin etməyin zərərsiz bir təşəbbüs olduğuna şübhə ilə yanaşır. Sarah və Bex əmindirlər ki, burada başlıca məsələ qabda olan südü götürməzdən əvvəl doğru sualları verməkdir.

"Mən özüm haqqında çox ətraflı məlumat vermişdim. Sağlam və yaxşı fiziki formaya sahib olduğumu, siqaret çəkmədiyimi və südü xəstəxanadakı süd bankına təhvil verdiyimi söyləmişdim ". Onun fikrincə, bu məlumatlar digər anaları sakitləşdirirdi.

"Körpəsini bəsləyən analar arasında gizli bir etibar vardı ", - deyən Bex buna əmindir.

Mən düşünmürəm ki, problemi olan bir qadın öz südünü paylayasın", - o deyir.

Sarah və Bex-in tanış olduğu Facebook səhifəsində analar üçün bir xatırlatma var. Müəliflər donora siqaret çəkmək, narkotikadan istifadə və dərman qəbulu barədə suallar verməyi tövsiyyə edirlər. Səhifə, həmçinin südün keyfiyyətilə bağlı hər hansı bir şübhə yaranacağı təqdirdə onun sınaqdan keçirilməsi üçün xəstəxanaya aparılmasını məsləhət görür. Nəhayət, qadınlara südü evdə pasterizə etmək təklif olunur. Anaları onunla sakitləşdirirlər ki, bir çox ölkələrdə doğuşa hazırlıq zamanı və doğuşdan sonra qadınlardan infeksiyalara qarşı analizlər götürülür. Lakin Binmingham-dakı qadın xəstəxanasında məsləhətçi neonatoloq olan Gemma Holder həkim nəzarəti olmadan süd mübadiləsi aparan anaların körpənin sağlamlığını riskə atdıqlarından ehtiyat edir.

Holder Britaniya və İrlandiya ərazisindəki 16 süd bankından birində çalışır. Bankda donor süd toplanır və bu südlə zəif, vaxtından əvvəl doğulmuş körpələr bəslənir.