Əməkdar artist: "Ağlayaağlaya anama söz verdim ki, mənim ailəm də olacaq..." FOTO


Kriminal 21 Dek 2017 21:01:00 486 0

Əməkdar artist: "Ağlayaağlaya anama söz verdim ki, mənim ailəm də olacaq..."  FOTO

Əməkdar artist Hicran Nəsirovanın Son.az-a müsahibəsi.

- Hicran xanım, son günlər mətbuatda yalnız səhhətinizlə bağlı xəbərlərə rast gəlirik. Hal-hazırda özünüzü necə hiss edirsiniz?

- Mən bildim siz nəyi nəzərdə tutursunuz. Mən heç kimə deməmişəm ki, ürəyim dayanıb. Ürəyim dayansaydı, bu gün yaşamazdım. Sadəcə olaraq dediklərimi təhrif edib yazıblar. Bu cür xəbərlər məndən çox ətrafıma pis təsir edir. Ukraynadan, Moskvadan mənə zəng ediblər ki, Hicran görüntülü zəng et, bilək ki, yaxşısan. 3 il əvvəl seriala yeni çəkilməyə başlayanda bir ağır səhnə var idi. Roluma o qədər hazırlaşmışdım ki, səhnə o qədər məni tutmuşdu ki, ağzımı açdım, səsim çıxmadı. Nə söz deyə bilirdim, nə də ki, ağlaya bilirdim. Ürəyim tutmuşdu, çünki mən rolu ürəyimdən keçirib oynayıram. Yaşamasam, oynaya bilmərəm. Bu hadisə 3 il bundan öncə olub, bu xəbəri indi gündəmə gətirməyin yeri yoxdur!

- Çox maraqlısı burasındadır ki, sizin nəsil aktrisaların bir çoxu rolu ürəyindən keçirib, oynayır. Bu da sonradan onların sağlamlığına yansıyır.

- Mən teatr səhnəsində pauza ilə oynamağı sevirəm. O pauzanı da mən yaşayıram. Bəzən səhnə kənarında dayanan suflyorlar elə bilirlər ki, söz yadımızdan çıxıb, kənardan söz atırlar. Bu zaman mən əsəbləşirəm. Aktyorun ürəyi, beyni, savadı olmalıdır. Obrazı yükləmək, doldurmaq lazımdır. Sözü əzbərləmək, mizanı bilmək yaradıcılıq demək deyil.

- Bu kimi hallar adətən teatrda çalışmayan aktrisalara xasdır.

- Mənə elə gəlir ki, bütün aktyor-aktrisalar teatrda çalışsalar daha yaxşı olar. Əsas canlı ünsiyyətdir, çünki sən tamaşaçılarla nəfəs-nəfəsə olursan. Aktyor sənəti çox çətin sənətdir. Müğənnilərə böyük hörmətim var, amma onların səsi işləməyəndə fonoqram oxuyurlar. Amma aktyor tamaşaçı qarşısına canlı çıxır.

- Teatrdan söz düşmüşkən... İllər öncə bir qrup gənc birləşib Yuğ teatrının bünövrəsini qoydu. Bu gənclərin içində siz də var idiniz. İstərdim o illərdən danışaq...

- O vaxtı Yuğ teatrı əsasən gənclərdən ibarət idi. Fəxrəddin Manafov, mən, Bəxtiyar Xanızadə, Nəcibə Hüseynova və s. aktyor, aktrisalar orada çalışırdı. Biz AZDRAMA-nın 3-cü mərtəbəsində məşqlər edib, tamaşalar oynayırdıq. Vaqif İbrahimoğlu Türkiyəyə tamaşa hazırlamağa gedəndə burda da biz yeni tamaşanın məşqlərinə başlamışdıq. İndiyə kimi yadımdadır... "Dəli Domrul" tamaşasında Fəxrəddin Manafovla tərəf müqabili idim. O Dəli Domrulu, mən isə Selcan Xatunu oynayırdım. Tamaşanın bir neçə yerində "salto" edirdim, çevriləndə Fəxrəddin məni tuturdu. Biz Fəxrəddinlə bir-birimizə çox öyrəşmişdik, göz-gözə bir-birimizi artıq başa düşürdük. Çünki bu tamaşaya kimi bir çox tamaşalarda onunla tərəf müqabili olmuşdum. Bu tamaşa biləvasitə teatrın təsdiq olunması üçün lazım idi. Elə oldu ki, bizim geyimlərimiz sonuncu gün gəldi, heç bu geyimlərdə məşq etməmişdik. Ehtiyat edib məşq etmək istədiyimi bildirdim, çünki bu geyimlər çox uzun idi.Fəxrəddini çağırdım ki, gəl bir dənə məşq edək, elə oldu ki, onun işi çıxdı. Bizdə bir rəssam var idi, o dedi ki, sən tullan, mən səni tutaram. Havaya qalxıb çevriləndə o məni tutmaqda gecikdi. Başıüstə yıxılıb döşəmənin üstünə düşdüm. Tamaşa da 1 saat sonra başlamalı idi. Beynim silkələnmişdi, çox pis başağrısı var idi. Bir onu gördüm ki, rəhmətlik Vaqif müəllim məni şillələyir ki, Hicran, oynaya biləcəksən? Uşaqlara demişdim ki, söz yadımdan çıxsa, siz oynayın. Tamaşanı elə oynadım ki, heç bir söz yadımdan çıxmadı. Teatr təsdiqlənmişdi və Vaqif müəllim tamaşadan sonra gəlib dedi ki,  gələn nümayəndələr yalnız səni bəyənib (gülür).

- Teatr yolunda canınızdan belə keçmisiz desək, daha düzgün olar.

- Bəzən deyirlər ki, ailəmi sənətə qurban verdim! Bu düzgün bir şey deyil, heç vaxt bunu alqışlamıram. Mən amma sənətdə canımı, sağlamlığımı qoydum. Belim sınırdı, baxmırdım gedirdim məşqə. Təsəvvür edin ki, 90-cı illərdə işdən qayıdanda yıxıldım, diz qapağım çatladı. Tamaşa təhvil verməli idik. Mənə dedilər ki, ayağın gibsə salınmalıdır, etiraz etdim, çünki səhnəyə çıxmalı idim. Özü də səhnədə bardaş qurmalı idim. Siz təsəvvür edin ki, mən necə əzab-əziyyətlərlə o tamaşanı oynadım.

- Bildiyim qədərilə bir neçə filmə təsdiq olunsanız da, sonradan çəkilməmisiniz. Bunun səbəbini sonradan həmin filmlərin rejissorundan soruşmadınız?

- Mən "Qaçaq Nəbi" filmində Həcər obrazına dəvət olunmuşdum. Hətta geyimlərimə qədər seçmişdilər. Dedilər ki, 1 ay sonra sənin yerlərindir, əlaqə saxlayacağıq. 1 ay keçdi, gördüm ki, film çəkilir məni dəvət etmirlər. Sonradan eşitdim ki, Həcər roluna aktrisa Mömünat Qurbanova çəkilir. Mən aktrisadan incimədim. Onun heç bir günahı yox idi. Heç nə demədən yoluma davam etdim. Heç vaxt bu cür halları rejissorların üzünə vurmamışam. Bu filmin rejissoru mənə dedi ki, Hicran sən uduzmadın, biz uduzduq!

- Siz bəzi filmlərə çəkilməsəniz də, teatrda və bir çox televiziya tamaşalarında məhz sizin tərəf müqabiliniz olan Fəxrəddin Manafov çəkildi. Niyə aktrisalar məhz Fəxrəddin Manafovla çəkilmək istəyir?

- Fəxrəddin çox yaxşı partnyordur. Hər aktyorla yaxşı partnyor olmaq olmur. Fəxrəddinlə bir-birimizi baxışlarımızdan oxuyurduq.

- Münasibətləriniz necədir?

- İndi də görəndə görüşürük, xoş münasibətimiz var. Sadəcə olaraq o başqa, mən isə tamam başqa teatrda çalışıram.

- Teatrda əziyyətiniz çox keçib. Bəlkə də elə bütün bu səbəblərdir sizin səhhətinizə pis təsir edir.

- Xeyr, mənə elə gəlir ki, yaxşı rejissorla və rollarla aktrisa inkişaf edir. Münasibətlər mənə pis təsir edib. Mən kiməsə pislik etməyi xoşlamıram. O pisliklər, gözləmədiyim yerlərdən mənə dəyən zərbələr ürəyimi xəstəliyə saldı.