Xalid əl-Falih: OPEC+ anlaşmasına düzəliş barədə danışmaq hələ tezdir


İqtisadiyyat 21 Dek 2017 17:16:18 303 0

Xalid əl-Falih: OPEC+ anlaşmasına düzəliş barədə danışmaq hələ tezdir

İlin ilk aylarında qlobal neft ehtiyatlarında artım gözlənilir

OPEC+ neft hasilatının azaldılması anlaşmasının dəyişdirilməsi haqqında istənilən mövzuda danışmaq hələ tezdir. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih açıqlama verib.

Nazir bildirib ki, buna səbəb neft bazarında tarazlığın 2018-ci ilin II yarısından tez bərpa edilməyəcəyidir: "Anlaşmadan çıxış tədricən baş verəcək. Qlobal neft ehtiyatlarının azalması üçün çox vaxt tələb olunacaq", - deyə nazir əlavə edib.

Əl-Falih bildirib ki, neft ehtiyatlarında azalma gözləntilərə uyğun baş tutub: "Amma izafi ehtiyatlar hələ də 150 mln. barel artıqdır. Bu ehtiyatların bazardan absorbasiyası 2018-ci ilin II yarısından tez olmayacaq".

"Bizim hesablamalarımıza görə, qlobal neft ehtiyatlarında 2018-ci ilin ilk aylarında ya cüzi dəyişiklik olacaq, ya da, ümumiyyətlə, artım olacaq. Buna səbəb mövsümi amillər olacaq", -deyə nazir sözlərinə əlavə edib.