Azərbaycan Prezidenti: Ölkələr birbirinin işinə qarışmasa, müharibələr də olmayacaq və bütün dünyada sülh bərqərar olacaq


Siyasət 21 Dek 2017 16:50:00 290 0

Azərbaycan Prezidenti: Ölkələr birbirinin işinə qarışmasa, müharibələr də olmayacaq və bütün dünyada sülh bərqərar olacaq

Ölkələr bir-birinin işinə qarışmasa, müharibələr də olmayacaq və bütün dünyada sülh bərqərar olacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Bakıda "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib ki, bu il Azərbaycan İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə keçirib: "IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirilmişdir. Əllidən artıq ölkədən 3 mindən çox idmançı, minlərlə qonaq gəlmişdi. Bu, həm böyük idman yarışı idi, eyni zamanda, bu, bir dostluq bayramı, qardaşlıq bayramı idi. Bütün İslam ölkələrinin aparıcı idmançıları Bakıda idilər. Əlbəttə, biz fəxr edirik ki, Azərbaycan milli komandası bu yarışların qalibi oldu, birinci yerə layiq görüldü. Amma əsas məsələ bunda deyil. Əsas məsələ ondadır ki, bu Oyunlar bir daha göstərdi ki, İslam həmrəyliyi var və gənc nəsil gərək gələcəkdə bu gözəl dəyərləri daim dərk etsin və gücləndirsin. İki il bundan əvvəl isə Bakıda tarixdə ilk dəfə olaraq Avropa Oyunları keçirilmişdir. Digər qitə oyunlarından fərqli olaraq, Avropa Oyunları 2015-ci ilə qədər heç vaxt keçirilməmişdir. İlk Avropa Oyunları Azərbaycanda keçirilmişdir və Avropadan 5 mindən çox idmançı burada yarışırdı, minlərlə qonaq gəlmişdi. Azərbaycan komandası bu Oyunlarda ikinci yerə layiq görüldü.

Yəni, bu iki hadisə özlüyündə bir göstəricidir. Əlbəttə ki, bunlar böyük, möhtəşəm idman tədbirləri idi. Amma, eyni zamanda, həm Avropa, həm İslam Oyunlarının iki il ərzində bir şəhərdə, bir ölkədə keçirilməsi həm Avropa, həm İslam aləminin bizə olan münasibətini göstərir, həmçinin onu göstərir ki, bir daha dediyim fikirlərə qayıdıram - Azərbaycan sivilizasiyalar, dinlər və qitələr arasında nadir rol oynayır".

Prezident əlavə edib ki, digər önəmli təşəbbüs 2008-ci ildə Azərbaycan tərəfindən irəli sürülüb: "Bildiyiniz kimi, Azərbaycan, eyni zamanda, Avropa Şurasının üzvüdür. Biz belə qərara gəldik ki, Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət edək. Tarixdə ilk dəfə olaraq iki təşkilatın nazirləri Bakıda görüşdülər. Çox səmərəli görüş keçirilmişdir, çox səmimi fikir mübadiləsi aparılmışdır. Biz hesab etdik ki, bu təşəbbüsün davamı olmalıdır, yəni, bu, sadəcə olaraq bir görüş olmamalıdır. Bu məqsədlə növbəti il biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin tədbirini keçirdik və Avropadan nazirləri dəvət etdik. Yəni, bu, artıq ənənəyə çevrildi və sonra bu təşəbbüsə "Bakı Prosesi" adı verildi. Bu gün "Bakı Prosesi" yaşayır, inkişaf edir. Gələn il biz "Bakı Prosesi"nin on illik yubileyini qeyd edəcəyik. "Bakı Prosesi" bütün beynəlxalq mötəbər təşkilatlar tərəfindən, xüsusilə BMT tərəfindən çox yüksək qiymətləndirilir. Bu, İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurası arasında əlaqələrin inkişafı üçün dünya miqyasında nadir bir platformadır. Yenə də təşəbbüs Azərbaycan tərəfindən gəldi.

Əminəm ki, biz belə təşəbbüslərlə ümumi işimizə töhfə veririk. Ümumi məqsədimiz ondan ibarətdir ki, dünyada sülh, qarşılıqlı hörmət, qarşılıqlı anlaşma olsun, ölkələr bir-birinin işinə qarışmasın. Belə olan halda müharibələr də olmayacaq və bütün dünyada sülh bərqərar olacaq".