Prezident: "Azərbaycan cəmiyyətində ölkəmizin gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var"


Siyasət 21 Dek 2017 16:26:44 277 0

Prezident: "Azərbaycan cəmiyyətində ölkəmizin gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var"

Prezident İlham Əliyev: "​Biz çox ciddi sosial siyasət aparırıq və bunun nəticəsində Azərbaycanda işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir"

"Biz çox ciddi sosial siyasət aparırıq və bunun nəticəsində Azərbaycanda işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir". 

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda deyib.

Dövlət başçısı vurğulayıb ki, ölkədə insan kapitalına böyük sərmayə qoyulur: "Son 14 il ərzində ölkəmizdə üç mindən çox məktəb, 600-dən çox tibb müəssisəsi tikilmiş və ya təmir edilmişdir, 12 min kilometr yol inşa edilmişdir və digər lazımi sosial infrastruktur yaradılır. Beynəlxalq maliyyə qurumları Azərbaycanda aparılan islahatları çox yüksək qiymətləndirir. Sadəcə bir rəqəmi demək kifayətdir ki, bu barədə təsəvvür olsun: Ümumdünya Davos İqtisadi Forumu Azərbaycanı ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. Yəni, bu, çox böyük göstəricidir və biz bu göstəriciyə enerji resursları hesabına çatmamışıq. Əlbəttə ki, Azərbaycanın zəngin enerji resursları var və bu resurslardan biz səmərəli şəkildə istifadə edirik. Amma ölkələrin rəqabətqabiliyyətliliyi digər parametrlər üzərində hesablanır və bu göstərici bizi dünya miqyasında 35 ən rəqabətqabiliyyətli iqtisadiyyatlar arasına daxil edir.

Mən də bilirəm ki, cəmiyyətdə ölkəmizin gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var. Bu gün reallaşan nəhəng enerji layihələri, 40 milyard dollar dəyəri olan “Cənub Qaz Dəhlizi” və bizim digər layihələrimiz ölkəmizin uzunmüddətli uğurlu, dayanıqlı inkişafını dəstəkləyəcək.

Azərbaycan bölgədə çox önəmli nəqliyyat mərkəzinə çevrilir. İki ay bundan əvvəl istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu qitələri - Asiyanı Avropa ilə ən qısa yolla birləşdirdi. Hazırda biz “Şimal-Cənub” nəqliyyat dəhlizi üzərində işləyirik. Bu istiqamətdə də çox önəmli nəticələr var. Biz ilin sonuna qədər növbəti nəticələri gözləyirik ki, qısa müddətdə – bəlkə də, iki-üç il ərzində bu yolu da biz qonşu ölkələrlə birlikdə istifadəyə verək. Beləliklə, bundan sonra həm Şərqdən Qərbə və əks istiqamətə, həm də Şimaldan Cənuba və əks istiqamətə dəmir yolları Azərbaycan ərazisindən keçəcəkdir. Bu, bizə əlavə iqtisadi mənfəət və əlbəttə ki, siyasi dividendlər gətirəcək. Bu, regional əməkdaşlığa da çox ciddi müsbət təsir göstərəcək. Eyni zamanda, əminəm ki, bu, bizim bugünkü konfransımızın burada yazılan mövzusuna da öz müsbət təsirini göstərəcək. Çünki millətlərarası, dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün hesab edirəm ki, sadəcə olaraq, söz danışmaq kifayət deyil. Konkret layihələr, konkret maraqlar olmalıdır, maraqların uzlaşması, balansı və qarşılıqlı asılılıq olmalıdır. Bizim regionda icra etdiyimiz layihələr bu qarşılıqlı maraqları təmin edir.

Əlbəttə ki, bütün bu nailiyyətləri biz qonşularımızla birlikdə əldə etmişik. Tranzit olmaq istəyən hər bir ölkə gərək öz qonşuları ilə yaxın münasibətlər qursun. Bizdə də bu, belədir. Biz qonşularımızla çox sıx əlaqələr qurmuşuq. Əlbəttə ki, bu, regional təhlükəsizliyə və sabitliyə də öz müsbət təsirini göstərir.

Bir sözlə, əziz dostlar, mən hesab edirəm ki, Azərbaycan müstəqillik dövründə mədəniyyətlərarası dialoqun inkişafında və İslam həmrəyliyinin güclənməsi işində öz rolunu oynayıb. Biz bundan sonra da bu yolla gedəcəyik".