Prezident İlham Əliyev: Dünya Azərbaycanın timsalında görür ki, multikulturalizm yaşayır


Digərləri 21 Dek 2017 16:39:04 205 0

Prezident İlham Əliyev: Dünya Azərbaycanın timsalında görür ki, multikulturalizm yaşayır

Dünya Azərbaycanın timsalında görür ki, multikulturalizm yaşayır.

Bakı. Dünya Azərbaycanın timsalında görür ki, multikulturalizm yaşayır. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. Dövlətimizin başçısı qeyd edib: “Biz istəyirik ki, həm müsəlman aləmində, həm Avropada, ümumiyyətlə, dünyada dinlərarası dialoq güclənsin. Əfsuslar olsun ki, son vaxtlar biz tam əks mənzərə ilə üzləşirik - dözümsüzlük, islamofobiya, ksenafobiya, antisemitizm artır. Bu, bəşəriyyət üçün böyük təhlükədir və böyük bəladır. Din xadimlərinin, ictimai xadimlərin, siyasətçilərin, geniş ictimaiyyətin bu məsələ ilə bağlı fikri və mövqeyi əlbəttə ki, dünya ictimaiyyəti üçün də çox önəmlidir. Bakıdan, yüksək mötəbər kürsülərdən dəfələrlə dünyaya çağırış edilmişdir ki, dinlərarası münasibətlər hər bir ölkə üçün önəmlidir. Dünyada əksər ölkələr çoxmillətli və çoxkonfessiyalı ölkələrdir. Belə olan halda bu mövzu vətəndaş sülhü, vətəndaş həmrəyliyi üçün, hər bir ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Biz öz tərəfimizdən ölkə daxilində bütün məsələləri ən yüksək səviyyədə həll edirik. Eyni zamanda, əminəm ki, bölgədə və dünyada Azərbaycan təcrübəsi öyrənilir". Prezident xatırladıb ki, Azərbaycan keçən ili “Multikulturalizm İli” elan etmişdi: "Multikulturalizm bizim dövlət siyasətimizdir, eyni zamanda, həyat tərzimizdir. Azərbaycanda yaşayan bütün dinlərin, millətlərin nümayəndələri bunu təsdiq edə bilərlər. Multikulturalizmin alternativi yoxdur. Alternativ dünyanı, ölkələri sarsıdan çox təhlükəli meyillər - islamafobiya, ksenafobiya, antisemitizmdir. Dünya Azərbaycanın timsalında görür ki, multikulturalizm yaşayır. Lakin multikulturalizmlə bağlı bəzən çox bədbin fikirlər səslənir, özü də yüksək səviyyədən. Buna baxmayaraq, biz hamımız çalışmalıyıq ki, bu ülvi dəyərləri qoruyaq, möhkəmləndirək. Multikulturalizm hər bir ölkə üçün adi hala çevrilməlidir. Qeyd etdiyim kimi, Azərbaycanın İslam ölkələri ilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həm özəl münasibətləri var, həm də Azərbaycan bu təşkilat çərçivəsində fəal rol oynayır və böyük dəstəyə malikdir. Eyni zamanda, bizim Avropa ölkələri ilə də sıx əlaqələrimiz var. Avropa İttifaqına üzv 9 ölkə ilə Azərbaycan strateji tərəfdaşlıq sənədi imzalamışdır. Yəni, bu da Avropa İttifaqının üzvlərinin üçdəbir hissəsidir. Avropa İttifaqı ilə də bizim çox sıx əlaqələrimiz var. Bir sıra məsələlər ətrafında çox ciddi iş gedir və bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək saziş üzərində iş başlamışdır. Bu, bir daha ölkəmizin həm beynəlxalq gündəlikdə duran məsələlərə münasibətini, eyni zamanda, bizim siyasətimizi əks etdirir. Azərbaycan xalqı öz milli mənəvi köklərinə çox bağlıdır. Müstəqil Azərbaycan dövlətinin təməli məhz bu milli dəyərlərdir. Bizim milli dəyərlərimiz isə ümumbəşəri dəyərlərin tərkib hissəsidir". İlham Əliyev bldirib ki, həm coğrafi yerləşməyimiz, bizim tariximiz, sivilizasiyaların Azərbaycan ərazisindəki keçmişi və rolu, əlbəttə ki, Azərbaycanı dinlərarası, mədəniyyətlərarası dialoqun aparılmasında əvəzolunmaz ölkəyə çevirir: "Bir məsələni də qeyd etməliyəm ki, əlbəttə, bu istiqamətdə dövlət siyasəti aparılır və aparılacaq. Ancaq bizim bu istiqamətdəki siyasətimiz ictimai rəyə söykənir. Çünki Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı bu duyğularla, bu fikirlərlə yaşayır. Bizim uğurlu inkişafımız göstərir ki, dinlərarası, millətlərarası münasibətlər lazımi səviyyədə olanda inkişaf da, sabitlik də olur və bütün Azərbaycan vətəndaşları gələcəyə də nikbinliklə baxırlar”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin