Prezident İlham Əliyev: Cəmiyyətdə Azərbaycanın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var


Digərləri 21 Dek 2017 16:25:57 223 0

Prezident İlham Əliyev: Cəmiyyətdə Azərbaycanın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var

Cəmiyyətdə Azərbaycanın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var.

Bakı. Cəmiyyətdə Azərbaycanın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. Dövlətimizin başçısı qeyd edib ki, iqtisadi inkişaf baxımından Azərbaycan son 14 il ərzində dünyada ən sürətlə inkişaf edən ölkədir: "İqtisadiyyatımız, ümumi daxili məhsul 3 dəfədən çox artmışdır. Biz, eyni zamanda, çox ciddi sosial siyasət aparırıq və bunun nəticəsində Azərbaycanda işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir. İnsan kapitalına böyük sərmayə qoyulur. Son 14 il ərzində ölkəmizdə üç mindən çox məktəb, 600-dən çox tibb müəssisəsi tikilmiş və ya təmir edilmişdir, 12 min kilometr yol inşa edilmişdir və digər lazımi sosial infrastruktur yaradılır. Beynəlxalq maliyyə qurumları Azərbaycanda aparılan islahatları çox yüksək qiymətləndirir. Sadəcə bir rəqəmi demək kifayətdir ki, bu barədə təsəvvür olsun: Ümumdünya Davos İqtisadi Forumu Azərbaycanı ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. Yəni, bu, çox böyük göstəricidir və biz bu göstəriciyə enerji resursları hesabına çatmamışıq. Əlbəttə ki, Azərbaycanın zəngin enerji resursları var və bu resurslardan biz səmərəli şəkildə istifadə edirik. Amma ölkələrin rəqabətqabiliyyətliliyi digər parametrlər üzərində hesablanır və bu göstərici bizi dünya miqyasında 35 ən rəqabətqabiliyyətli iqtisadiyyatlar arasına daxil edir.