Azərbaycan Prezidenti: "Əgər ermənilər yaşadıqları ölkələrdə müqəddəratlarını təyin etmək arzusuna düşərlərsə, onda baxarıq o ölkələrin siyasəti necə olacaq"


Siyasət 21 Dek 2017 16:15:00 271 0

Azərbaycan Prezidenti: "Əgər ermənilər yaşadıqları ölkələrdə müqəddəratlarını təyin etmək arzusuna düşərlərsə, onda baxarıq o ölkələrin siyasəti necə olacaq"

"Əgər ermənilər yaşadıqları ölkələrdə müqəddəratlarını təyin etmək arzusuna düşərlərsə, onda baxarıq o ölkələrin siyasəti necə olacaq".

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib ki, bu gün 26 ildir müstəqil dövlət kimi yaşayan Azərbaycan ayaqda möhkəm dayanır: "Əlbəttə ki, bizim əsas problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bildiyiniz kimi, Ermənistan beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımızın 20 faizini 20 ildən çoxdur ki, işğal edib. Bu torpaqlardan bir milyondan çox vətəndaş qovulub, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər qanlı cinayət - Xocalı soyqırımını törətmişlər. Erməni quldurları tərəfindən 600-dən çox günahsız, dinc insan, onların arasında 100-dən çox qadın, 60-dan çox uşaq qətlə yetirilmişdir. Xocalı soyqırımını 10-dan çox ölkə artıq soyqırımı kimi tanıyıb".

İlham Əliyev vurğulayıb ki, BMT münaqişə ilə bağlı dörd qətnamə qəbul edib: "Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz geri çəkilməlidir. Ancaq bu qətnamələr kağızda qalıb. Bu qətnamələri qəbul edənlər bu məsələyə biganə qalırlar. Ermənistan da bundan istifadə edərək öz işğalçı siyasətini davam etdirir. İşğal edilmiş torpaqlarımızda bütün binalar dağıdılıb. Bizim tarixi, dini abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən dağıdılıb. Bu dağılmış məscidlərin fotoşəkilləri indi internetdə kifayət qədər dərc edilib, bunu hər bir insan görə bilər. Bütün infrastruktur dağıdılıb. ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərmişdir. O missiyalar dediyim mənzərə ilə üzləşmişlər və öz məruzələrində bunu əks etdirmişlər".

Prezident bildirib ki, münaqişə ilə bağlı Azərbaycan dövlətinin mövqeyi beynəlxalq hüquqa tam əsaslanır: "İlk növbədə, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, tarixi torpağıdır, digər tərəfdən, beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Belə olan halda münaqişə yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, BMT Təhlükəsizlik Şurasının qətnamələri, - bu sənədlərdən daha üstün sənəd dünyada yoxdur, - tam icra edilməlidir və ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan dövləti və Azərbaycan xalqı öz torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək.

O ki qaldı, xalqların öz müqəddəratını təyin etməsi məsələsinə, bu məsələ ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Qeyd etdiyim kimi, dünyanın əksər ölkələri çoxmillətli, çoxkonfessiyalı ölkələrdir. Ermənistan xalqı öz müqəddəratını təyin edib, onların öz dövlətləri var. İkinci erməni dövlətinin tarixi Azərbaycan torpaqlarında yaradılmasına Azərbaycan heç vaxt imkan verməyəcək. Bu, əslində çox zərərli, təhlükəli və xəstə bir məntiqdir. Ermənilər bir çox ölkələrdə yaşayırlar. İndi əgər onlar yaşadıqları bütün ölkələrdə Azərbaycandakı kimi öz müqəddəratını təyin etmək arzusuna düşərlərsə və aqressiv separatizmə əl atarlarsa, onda baxarıq o ölkələrin siyasəti necə olacaq".

İlham Əliyev əlavə edib: "Bu gün dünyada gedən proseslər bizim mövqeyimizi dəstəkləyir və gücləndirir. Qeyd etdiyim kimi, həm beynəlxalq hüquq, həm tarix, həm potensial baxımından bizim mövqeyimiz kifayət qədər güclüdür. Ancaq bu gün Avropa da separatizmlə üzləşir. Görün, Avropa ölkələrində separatizmə qarşı hansı addımlar atılır. Bizim problemimiz aqressiv separatizmdir. Əli silahlı erməni quldur dəstələri soyqırımı törətmişlər, zor gücü ilə torpaqlarımızı işğal etmişlər, günahsız insanları bu torpaqlardan qovmuşlar və bu gün bu torpaqlarda qanunsuz fəaliyyətlə məşğuldurlar. Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bunun üçün bütün imkanlar var və son hadisələr - keçən ilin hadisələri bunu bir daha göstərir. Ölkəmizin ərazi bütövlüyü bütün başqa ölkələrin ərazi bütövlüyü qədər qiymətlidir və dəyərlidir".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində