Azərbaycanda bu il elektrik enerjisi istehsalında alternativ mənbələrin payı 7-8% olacaq


İqtisadiyyat 21 Dek 2017 14:44:29 238 0

Azərbaycanda bu il elektrik enerjisi istehsalında alternativ mənbələrin payı 7-8% olacaq

Bu il Naxçıvanda abunəçilərin elektrik enerjisi ilə təminatının 60%-i alternativ enerji mənbələrinin hesabına başa gəlib

Bu il Azərbaycanda alternativ və bərpa olunan enerjinin ümumi enerji istehsalında payı 7-8% civarında olması gözlənilir. “Report” xəbər verir ki, bunu Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (AREA) sədrinin müavini Nurəli Yusifbəyli deyib.

N.Yusifbəyli istehsal olunacaq enerjinin əsas hissəsinin su elektrik stansiyalarının payına düşdüyünü qeyd edib: “İkinci yerdə biotexnologiyalar təşkil edir. Samuxda yerləşən Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda regionda analoqu olmayan, 4G texnologiyası əsasında ildə orta hesabla 200 mln. kVt/s enerji istehsal edir. Bakı şəhərindən əldə olunan orta hesabla 500 tondan artıq bərk məişət tullantılarını yandıraraq elektrik enerjisinə çevirir”.

Agentlik rəsmisi deyib ki, bu il Naxçıvanda abunəçilərin elektrik enerjisi ilə təminatının 60%-i alternativ enerji mənbələri hesabına başa gəlib: “MDB məkanında ən böyük günəş elektrik stansiyası Naxçıvanda yerləşir, il ərzində 30 mln. kVt/s elektrik enerjisi istehsal edir. Muxtar Respublika qarşıya hədəf qoyub ki, 2018-ci ilə kimi bütün istehlakçıları bərpa olunan enerji mənbələri hesabına təmin etsin”.

N.Yusifbəyli günəş və külək elektrik stansiyalarında istehsal edilən elektrik enerjisinin həcmində azalma olması ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: “Azalma yalnız su elektrik stansiyaları, daxil olan suyun həcmi ilə bağlıdır. Ötən illə müqayisədə bu il günəş elektrik stansiyalarında 35-36 mln. kVt/s elektrik enerjisi istehsalı gözləyirik. Bu da ötən illə müqayisədə 5-6% çoxdur. Ötən il Yeni Yaşma külək elektrik stansiyasında sınaq-sazlama işləri həyata keçirdik. Ona görə də oradan 4 mln. kVt/s-dan artıq elektrik enerjisi istehlak etdik. Onların istismar nomenklaturasına görə 1 000 saatdan sonra baxış üçün dayanmalıdır. Ona görə də külək enerjisi istehsalı ötən il digər illərə nisbətən artıb, bu il isə azalma baş verir. Ancaq iki aqreqat işləyir. Düşünürəm ki, ilin sonuna qədər azalma o qədər də olmayacaq”.