Amanda Pol: "Gələn il Qarabağ münaqişəsinin həlli məsələsində irəliləyişə nail oluna bilər"


Siyasət 21 Dek 2017 12:28:10 299 0

Amanda Pol: "Gələn il Qarabağ münaqişəsinin həlli məsələsində irəliləyişə nail oluna bilər"

"Rusiya ATƏT-in Minsk qrupunun ən fəal həmsədr ölkəsi olaraq qalır"

"Gələn il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində çoxdan gözlənilən irəliləyişə nail oluna bilər". 

Bunu "Report"a Avropa Siyasət Mərkəzinin (Brüssel) eksperti, analitik Amanda Pol bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xalqları bu qanlı münaqişənin nəticələrini aradan qaldırmağa başlamalıdırlar: "Ümid edirəm ki, 2018-ci ildə sülh prosesində çoxdan gözlənilən irəliləyişə nail olunacaq". 

Analitik hesab edir ki, 2017-ci ildəki danışıqlar prosesinin nəticələri mühüm irəliləyiş kimi qiymətləndirilmək çətin ki mümükün olsun.

"Danışıqlar prosesində əsas vasitəçilərin - Rusiya, Fransa və ABŞ-ın Dağlıq Qarabağ üzrə danışıqlar prosesini yenidən canlandırmaq cəhdləri müşahidə olunsa da, status-kvo hələ də qorunub saxlanılıb", - A.Pol vurğulayıb.

O, Rusiyanın, o cümlədən Moskvanın həm Bakı, həm də Yerevanla yaxın olduğuna görə, Minsk qrupunun ən fəal həmsədr ölkəsi olaraq qaldığını hesab edir. A.Pol qeyd edib ki, Ukrayna ilə bağlı vəziyyətlə əlaqədar Rusiya-ABŞ münasibətlərindəki çətinliklərə baxmayaraq, bu ölkələr Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupu çərçivəsində həll olunması üzrə birgə işlər görməyə davam edirlər və bu, müsbət haldır.

Analitik vurğulayıb ki, bu ilin oktyabr ayında Azərbaycan və Ermənistan prezidentlərinin, həmçinin xarici işlər nazirlərinin görüşlərinin keçirilməsi də vacib məqamdır. "Lakin qoşunların təmas xəttində davam edən gərginlik təhlükəlidir və narahatlıq doğurur" - deyə analitik bildirib.

A.Pol hesab edir ki, dünya ictimaiyyəti hələ də Dağlıq Qarabağ münaqişəsini gündəmdə olan prioritet məsələ hesab etmir və buna görə də onun həllinə lazımi diqqət ayrılmır.