Bakıda 25 rayon rəhbərliyinin iştirakı ilə müşavirə keçirilib


Siyasət 20 Dek 2017 17:59:09 270 0

Bakıda 25 rayon rəhbərliyinin iştirakı ilə müşavirə keçirilib

Yeni təsərrüfatbaşına uçot sənədlərinin məlumatlarından əhalinin növbəti siyahıyaalınmasına hazırlıq üçün də istifadə olunacaq

Bakıda Azərbaycan Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin təşkilatçılığı ilə şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı təlimat xarakterli zona müşavirəsi keçirilib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, müşavirədə paytaxtın 12 rayonunun, Sumqayıt şəhəri, Abşeron, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz, Qobustan, Qubadlı, Zəngilan, Cəbrayıl və Şuşa rayonlarının icra hakimiyyəti başçılarının aidiyyəti müavinləri, şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələr, yerli statistika orqanlarının rəhbərləri və uçot sənədlərinin aparılmasına məsul olan şəxslər iştirak edib.

Müşavirədə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, Prezident İlham Əliyevin ölkə üzrə statistik uçotun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Komitə tərəfindən ardıcıl islahatlar həyata keçirilir.

O qeyd edib ki, şəhər, qəsəbə və sahə inzibati ərazi dairələrində 2013-cü ildən tətbiq edilən təsərrüfatbaşına uçot sənədlərinin işlənməsi müddəti başa çatdığı üçün Nazirlər Kabinetinin 2016-cı il 28 oktyabr tarixli 423 nömrəli qərarına əsasən yeni təsərrüfatbaşına uçot sənədləri hazırlanıb: “Təkmilləşdirilmiş nümunələr Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyata alındıqdan sonra çap etdirilərək respublikanın şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə çatdırılıb. 2018-ci ilin yanvar ayından tətbiq ediləcək yeni təsərrüfatbaşına uçot sənədlərinin məlumatlarından əhalinin növbəti siyahıyaalınmasına hazırlıq üçün də istifadə olunacaq. Dövlət Statistika Komitəsi tərəfindən təsərrüfatbaşına uçot sənədləri ilə bağlı növbəti mərhələdə isə bir sıra mühüm tədbirlər həyata keçiriləcək. Bu tədbirlərə uçot sənədlərinin elektronlaşdırılması, hər bir təsərrüfat üzrə məlumat bazasının yaradılması, sənədlərdə baş verən düzəlişlərin elektron qeydiyyatının və avtomatik rejimdə regionlararası müqayisələrin aparılması daxildir”.

Prezident Administrasiyasının məsul işçiləri Tağı Tağıyev və Orxan Bayramov çıxış edərək ərazi üzrə mühüm informasiya mənbəyi olan təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin vəzifələrini diqqətə çatdırıblar.

Dövlət Statistika Komitəsinin Sosial statistika şöbəsinin müdiri Elçin Hacı şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tərtibi qaydalarını slaydlar vasitəsi ilə tədbir iştirakçılarına təqdim edib. İştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Onuda qeyd edək ki, təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşavirələri 21-26 dekabr tarixlərində Şəki, Lənkəran, Gəncə şəhərlərində və Kürdəmir rayonunda keçirilməklə bütün regionları əhatə edəcək.