Moskvada evlərin qiyməti 2011-ci ilin səviyyəsinə geriləyib


İqtisadiyyat 20 Dek 2017 16:32:20 264 0

Moskvada evlərin qiyməti 2011-ci ilin səviyyəsinə geriləyib

Azərbaycanın mənzil bazarında da ucuzlaşmanın davam etməsi gözlənilir

Rusiyanın paytaxtı Moskva şəhərində evlərin real satış qiyməti ilin əvvəlindən rubl ifadəsində 8% geriləyərək 2011-ci ilin səviyyəsinə düşüb.

"Report" RBC agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı "İnkom-nedvijimost" şirkəti yayıb.

Təklif olunan evlərin qiyməti isə son 4 ilin minimal həddinə geriləyərək orta hesabla hər 1 kv. metr üçün 178 200 rubl və ya 3 020 dollar təşkil edib. Şirkətin təkrar bazar üzrə departament direktoru Sergey Şlomanın sözlərinə görə, Moskvanın təkrar mənzil bazarı, sözün əsl mənasında, sürünür: "Tələb, həcm və qiymət parametrləri üzrə bütün göstəricilərdə azalma müşahidə olunur. Ortamüddətli perspektivdə qiymətlərin ucuzlaşması üçün heç bir əsas yoxdur. Təklif olunan və real satılan təkrar bazar qiymətlərində ucuzlaşmanın davam edəcəyini proqnozlaşdırırıq. 1-2 il ərzində qiymətlərin "dib" səviyyəyə çatmasından sonra artım barədə danışmaq mümkün ola bilər".

"Report"un analitik qrupu bildirir ki, Azərbaycanın yeni və təkrar mənzillər bazarında da eyni vəziyyət davam edir: "Qiymətlər əhalinin real gəlirlərinin azalması və xaricə köçən insanların sayında artım səbəbi ilə getdikcə azalır. Ucuzlaşmanın həm manat, həm də dollar ekvivalentində davam etməsi gözlənilir. Qiymətlərin azalmasına həmçinin Bakıda son zamanlar müşahidə olunan yeni çoxmərtəbəli tikililərin sayının artması, pilot layihələr və renovasiya məqsədli, əsasən, 5 mərtəbəli köhnə tikililərin yeni binalarla əvəz olunmasıdır. Əgər neftin qiymətində hər hansı azalma baş verərsə, evlərin qiymətinin kəskin ucuzlaşmasının şahidi olacağıq".