Formula 1 üçün akkreditasiya başlandı


Digərləri 20 Dek 2017 12:27:00 270 0

Formula 1 üçün akkreditasiya başlandı

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 27-29 aprel 2018-ci il tarixlərində üçüncü dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinə yerli media nümayəndələrinin akkreditasiyası prosesinə başlayıb.

BŞH-dən Son.az-a verilən məlumata görə, Azərbaycan Qran Prisi daxil olmaqla bütövlükdə 2018 FIA Formula 1 Dünya Çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və  Formula One Management (FOM) şirkəti tərəfindən kurasiya olunur.

Yerli media nümayəndələrinin yarışa qeydiyyatı əməliyyat şirkətinin vasitəçiliyi ilə həyata keçirilir. Akkreditasiya prosesi 31 yanvar 2018-ci il, saat 17:00-dək  davam edəcək. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri, Milli Mətbuat Katibi Nigar Arpadarai yerli media nümayəndələrini tezliklə yarışa qeydiyyatdan keçməyə dəvət edib:

"Hər ötən il daha çox sayda yerli media nümayəndələrinin yarışda iştirak etməsi bizi çox sevindirir. Bu il də bütün gücümüzü səfərbər etmişik ki, Azərbaycan Qran Prisində çox sayda yerli media təmsilçisi iştirak edərək yarışı ölkə ictimaiyyəti üçün yüksək səviyyədə işıqlandıra bilsin.

Bildiyiniz kimi, Formula 1 yarışlarında iştirak edəcək media nümayəndələri müəyyən kriteriyalara tabe tutulurlar və yalnız müvafiq yüksək göstəricilərə malik jurnalistlər FIA və FOM-un təsdiqi ilə yarışa buraxılırlar.