2020-ci ilə qədər Azərbaycanda tütündən istifadə 10 faiz azaldılacaq


Sosial 20 Dek 2017 11:48:00 275 0

2020-ci ilə qədər Azərbaycanda tütündən istifadə 10 faiz azaldılacaq

Bakıda Tütünlə Mübarizə üzrə IV Milli Konfrans keçirilib

Bakıda Tütünlə Mübarizə üzrə IV Milli Konfrans keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və digər rəsmilər iştirak edib.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda qeyri-infeksion xəstəliklərin 70 faizi tütünlə əlaqəlidir: "Hətta bu xəstəliklərdən baş verən ölümlərin əsas və öndə duran səbəbi məhz tütündən istifadədir. 2020-ci ilə qədər Azərbaycanda tütündən istifadənin 10 faiz azaldılması məqsədi qarşıya qoyulub".

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev isə çıxışında deyib ki, Azərbaycanda əhalinin sağlamlığının qorunması üçün tütünlə mübarizə ilə əlaqədar “Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında” qanunun qəbul ediləsinin xüsusi önəmi var: "Aparılan tədqiqatlar nəticəsində siqaretdən istifadə edənlərin 70 faiz siqareti tərgitməyə hazır olduqlarını bildirib. Qanun qüvvəyə mindikdən sonra İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələr müəyyən olunacaq. Bu sahədə bir çox ölkələrin təcrübəsi də öyrənilib".

Konfrans çərçivəsində tütünlə mübarizə sahəsində görülən işlər, “Tütünə qarşı mübarizə üzrə” Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyası: Tütünlə mübarizə sahəsində dünya təcrübəsi və tütünlə mübarizə üsulları barədə çıxışlar və fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, konfrans Prezident yanında Gənclər Fondunun dəstəyi ilə “Sağlam Düşüncə” Gənclər təşkilatının icra etdiyi “Tütünsüz Cəmiyyət” layihəsi çərçivəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) tərəfdaşlığı təşkil olunub.