Yeni ildə uşaqları hara aparaq?


Digərləri 20 Dek 2017 08:42:00 260 0

Yeni ildə uşaqları hara aparaq?

Mədəniyyət ocaqlarımız azyaşlı tamaşaçıların bayram sevincinə sevinc qatmağa hazırdır

Mədəniyyət ocaqlarımız azyaşlı tamaşaçıların bayram sevincinə sevinc qatmağa hazırdır 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

2018-ci ili qarşılamağa sayılı günlər qalıb. Yeni il yeni çoşğu, həvəs, gözəl günlərin xəbərçisidir.  Deyirlər, köhnə ili necə yola salarsansa, yeni ili elə keçirərsən. Yeni ilin gəlməsinə isə daha çox uşaqlar sevinir. Çünki Yeni il Şaxta baba, Qar qız, şam ağacı, hədiyyələr - bayram deməkdir. Bayram günlərində uşaqların istirahətini səmərəli keçirmək üçün mədəniyyət ocaqlarımız maraqlı repertuarlar təqdim edirlər. Biz də valideynlərin bu bayram günündə işlərini yüngülləşdirmək üçün mədəniyyət ocaqlarımızın Yeni ilə necə hazırlaşdıqlarını və uşaqlara hansı şənlikləri hazırladıqlarını öyrəndik. 

Yeni il üçün zəngin repertuarımız var

İlk olaraq Heydər Əliyev Sarayının sözçüsü Anar Fərəczadə ilə əlaqə saxladıq. Onların Yeni ildə uşaqlara nə vəd etdiklərini soruşduq. A.Fərəczadə deyir ki, ölkənin ən böyük konsert salonu olan Sarayda Yeni il üçün uşaqlara zəngin repertuar təqdim olunacaq: "Dekabrın 24-də Heydər Əliyev Sarayında "Yeni ilin mübarək, Luntik!" adlı uşaq tamaşası təqdim edəcəyik. Belə ki, Luntik artıq xeyli müddətdir günəş tarlasında yaşayır və onun bütün sakinləri ilə dostlaşmağa vaxt tapıb. Luntik üçün ilk qış mövsümü başlayır və onu yeni açılışlar və tanışlıqlar gözləyir. Təbii ki, Luntikin dostları ona qışı bütün gözəlliyi ilə görməyə kömək edəcəklər. Tamaşaçıları beş ibrətamiz qış əhvalatı gözləyir. Əhvalatlarda onlara fəal rol verilib, axı uşaqlar qışı yaxşı tanıyırlar və çətin vəziyyətdə kömək edə biləcəklər.

Bundan başqa, şənlikdə Şaxta Baba Vupsen və Pupseni ifşa edir və hamı sevinclə Yeni ili qarşılayır. Dekabrın 29 və 30-da Heydər Əliyev Sarayının səhnəsində "Fiksi-şou: Zaman xilasediciləri" ("Fiksi-şou: Spasateli vremeni") adlı çox gözəl uşaq tamaşası təqdim olunacaq. Bu Yeni il tamaşası "Fiksiklər" ("Fiksiki") serialının motivləri əsasında hazırlanmış lisenziyalı tamaşadır. Fiksiklər effektli şəkildə peyda olacaqlar. Nolik zalın üzərindən təyyarə ilə uçaraq tamaşaçıları və DimDimıçı kiçildəcək ki, hər bir uşaqla ayrıca tanış olsun (və bu, həqiqətən baş verəcək!), birlikdə oynasınlar və şənlənsinlər. Lakin oyuna çağırılmamış qonaq qarışır... Kompüter Botu dünyada ən əsas saatları həmişəlik dayandırmaqla hədələyir! 

Dekabrın 23-də Heydər Əliyev Sarayında "Barboskinlər və ya kitab rəfinin sirri" adlı uşaq tamaşası təqdim ediləcək. Yeni il hətta ən mümkünsüz hadisələrin baş verə biləcəyi, möcüzələrin gerçək olduğu, nağılın isə həqiqətən inanıldığı halda canlandığı vaxtdır. "Barboskinlər və ya kitab rəfinin sirri" tamaşasında Barboskinlərin ailəsini bu dəfə növbəti həyacanlandırıcı və əyləncəli səyahət gözləyir".

Yanvarın 2-3-də Heydər Əliyev Sarayında uşaqlar üçün "Yeni il gəlir, xoş gəlir" adlı interaktiv, əyləncəli və musiqili şənlik keçiriləcək. Yeni ilin ən sevilən personajları olan Şaxta Baba və Qar qız interaktiv şənlikdə uşaqlarla ünsiyyətdə olacaq, onları mahnılar, oyunlar, milli və müasir rəqslər ilə sevindirəcək və onlarla birgə əylənəcəklər. Azyaşlı tamaşaçılara təqdim olunacaq bayram proqramının musiqili qonaqları da olacaq. Tanınmış estrada ulduzlarının çıxışları, həmçinin illüziyaçı və animatorun iştirakı uşaqlara unudulmaz şou bəxş edəcək. İlk dəfə təqdim olunacaq Veniamin şou proqramı Yeni ilin gəlişini səbirsizliklə gözləyən uşaqların əyləncəsinə əlavə rəng qatacaq. Saat 13:00-da başlayacaq şənliklərin biletlərinin qiyməti 6 manatdan başlayır. 

"Rəqs edən pinqvinlər" uşaqların görüşünə gələcək   Akademik Milli Dram Teatrında da Yeni il şənlikləri təşkil olunacaq. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, bayram münasibəti ilə hazırlanan "Rəqs edən pinqvinlər" adlı səhnə əsərinin müəllifi və rejissoru Anar Sadıqov, rejissor assistentləri Xanım Həsənova və Könül Kərimovadır.

Maraqlı dekorasiyası, nağılvari tərtibatı və maraqlı obrazları ilə uşaqları sevindirəcək tamaşanın rəssam işi əməkdar mədəniyyət işçisi İlham Elxanoğluna, rəqslərin quruluşu Lalə Hacıyevaya məxsusdur.

Tamaşada əməkdar artist Elxan Quliyev və aktyor Mətləb Abdullayev (Şaxta baba) aktrisalar İlahə Həsənova (Qar qız), Rada Nəsibova (Nono), əməkdar artistlər Əlvida Cəfərov (Toto), Şəlalə Şahvələdqızı (Lolo), Mehriban Xanlarova (La), Mirzə Ağabəyli və aktyor Elnur Qədirov (Luz), aktrisa Firuzə Balayeva (Yoyo) və aktyor Rüstəm Rüstəmov (Panda) çıxış edəcəklər.

Yeni il şənlikləri 23, 24, 28, 29, 30, 31 dekabr tarixlərində və eləcə də yanvarın 7-dək hər gün dörd seansda təqdim olunacaq.

"Qış nağılı"na qonaq olmaq istəyirsiniz?