Türkiyə Moldova Prezident sarayının təmir xərclərini üzərinə götürüb


Dünya 20 Dek 2017 07:17:07 272 0

Türkiyə Moldova Prezident sarayının təmir xərclərini üzərinə götürüb

Binanın açılışı gələn il Türkiyə prezidenti Ərdoğanın Moldovaya səfəri zamanı baş tutacaq

Türkiyə Moldovanın paytaxtı Kişinyovda yerləşən Prezident sarayının təmirini maliyyələşdirəcək.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə ölkə prezidenti İqor Dodon Türkiyə baş nazirinin müavini Hakan Çavuşoğlu ilə görüşündən sonra "Facebook" səhifəsində məlumat yayıb.

“Türkiyə hökuməti Prezident sarayının bütün təmir xərclərini öz üzərinə götürüb. Ümumilikdə təmir işləri 2018-ci ilin may ayında yekunlaşacaq. Binanın açılışı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moldovaya səfəri zamanı nəzərdə tutulur. Bu iş türkiyəli həmkarımla görüşüm zamanı mənim xahişimlə, ilkin razılaşmalar sayəsində mümkün oldu”, - deyə İ.Dodon əlavə edib.

Bina 7 aprel 2009-cu ildə Moldovada dövlət çevrilişinə cəhd zamanı baş verən iğtişaşlar zamanı zədələnib.

Türkiyə Baş nazirinin müavini H. Çavuşoğlunun Moldovaya səfəri zamanı iki ölkə arasında birgə iqtisadi əməkdaşlıq üzrə komissiyanın 9-cu iclası da keçirilib. İclasda iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması, növbəti ilin fevralında İstanbulda İnvestisiya Forumunun keçirilməsi və digər məsələlər müzakirə olunub.

Son illər Türkiyə Moldova iqtisadiyyatına 22 milyon dollar sərmayə yatırmaqla bu ölkənin investorları sırasında 3-cü yerdə qərarlaşıb.