"Azərenerji"nin fəaliyyətində nöqsanlar aşkarlandı


Digərləri 19 Dek 2017 19:25:00 274 0

"Azərenerji"nin fəaliyyətində nöqsanlar aşkarlandı

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə Hesabatı təsdiq edib.

Son.az bildirir ki, Palatadan Trend-ə verilən məlumata görə, "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə gəlirlər və xərclər smetalarının aidiyyəti dövlət qurumları ilə razılaşdırılması, rentabelliyə mənfi təsir etməklə zərəri artıran amillərin qismən aradan qaldırılması imkanlarından istifadə olunması, aktivlərin, debitor və kreditor borcların uçotunun və hesabatlılığının təşkili, daxili audit sisteminin formalaşdırılması sahəsində bir sıra nöqsanlar aşkar olunub, elektrik enerjisinin satışı üzrə debitor borcların artması, müxtəlif mənbələr hesabına həyata keçirilən kapital qoyuluşlarından səmərəli istifadə olunmaması halları da müşahidə olunub.

Eyni zamanda, səmərəlilik və likvidlik göstəricilərinin təhlili ilə kapital və aktivlər mənfəətliliyin artırılması ilə bağlı potensialın tam reallaşdırılmadığı, likvidlik göstəricilərinin təhlili ilə qısamüddətli aktivlərin qısamüddətli öhdəlikləri yerinə yetirmək vəziyyətini əks etdirən göstəricinin aşağı olduğu, borclanma və digər göstəricilərin təhlili ilə isə cəmiyyətin öhdəliklərinin xalis kapitalından çox olması səbəbindən maliyyə risklərinin yüksək olduğu, həmçinin təqdim olunan maliyyə hesabatlarının göstəricilərinə əsasən hər səhmə düşən divident məbləğinin azaldığı müəyyən edilib.

Hesablama Palatasının Kollegiyası tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qalan nöqsanların qısa müddət ərzində aradan qaldırılması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Kollegiya Qərarının surəti və Təqdimat "Azərenerji" ASC-yə göndərilib.