Avropa İttifaqının ATƏTdəki nümayəndəliyinin fərqli mövqeyi Aİnin özünü də çaşdırar


Siyasət 19 Dek 2017 13:57:00 265 0

Avropa İttifaqının ATƏTdəki nümayəndəliyinin fərqli mövqeyi Aİnin özünü də çaşdırar

Məlum olduğu kimi, noyabrın 24-də Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvə görüşündə qəbul edilmiş yekun bəyannamədə Şərq Tərəfdaşlığına üzv ölkələrin suverenliyi, ərazi bütövlüyü bir daha təsdiqləndi və dəstəkləndi.

Dekabrın 13-də isə illik "Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə qətnaməsi" qəbul olundu. Maraqlıdır ki, adətən Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən Avropa Parlamenti tərəfindən qəbul edilən bu sənəd də Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün dəstəklənməsinə dair öhdəliklərinə sadiq olduğunu ilk dəfə təsdiqləyir.

Əslində Avropa Parlamentinin sonuncu qətnaməsi Brüsseldə keçirilmiş və Prezident İlham Əliyevin Azərbaycanın diplomatik uğuru adlandırdığı Şərq Tərəfdaşlığı sammitinin birgə bəyannaməsində qeydə alınan prosesin məntiqi davamıdır.

Əlbəttə, bütün bunlar Azərbaycanın böyük diplomatik nailiyyətidir, həmçinin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasında mühüm irəliləyişə səbəb ola bilər.

Bununla belə, Avropa ilə ikitərəfli münasibətlərdə yuxarıda qeyd olunan müsbət dinamikaya baxmayaraq, bu, ATƏT çərçivəsində öz əksini tapmır. Belə demək mümkünsə, Aİ-nin ATƏT-dəki nümayəndəliyi, hələ də özünü yaxşı aparmır. Nümayəndəlik Azərbaycanla dialoq və əməkdaşlığa olduqca az maraq göstərir.

Aİ nümayəndəliyi beynəlxalq hüquqa əsaslanan və ATƏT-ə üzv olan ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına, onların suverenliyinə və ərazi bütövlüyünə hörmətin vacibliyini sözdə müdafiə etsə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqe nümayiş etdirmir, Bakıda və Brüsseldə keçirilmiş yüksək səviyyəli görüşlərdə Aİ rəsmiləri tərəfindən Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə ifadə edilən dəstəyi təkrarlamaqdan yayınır. Ümumiyyətlə, Aİ nümayəndə heyəti tərəfindən bu vaxta qədər Azərbaycanın təhlükəsizlik və münaqişə məsələləri ilə bağlı ciddi narahatlığının aradan qaldırılması istiqamətində hər hansı addım atılmayıb.

ATƏT-in Daimi Şurasının Vyanada keçirilən növbəti iclasında da Aİ-nin bu təşkilatdakı nümayəndəliyinin Azərbaycana qarşı mövqeyi tənqid olundu. Azərbaycan nümayəndə heyətinin bəyanatında haqlı olaraq qeyd edilir: "Avropa İttifaqının ATƏT-dəki nümayəndə heyətinin ikili standart siyasəti yürütməsi narahatlıq mənbəyi olaraq qalır və heç bir şəkildə qarşılıqlı anlaşma və əməkdaşlığı genişləndirmək üçün ən yüksək siyasi səviyyədə müəyyən edilmiş ümumi məqsədimizə kömək etməyəcək".

Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və ümumi maraqlara əsaslanan münasibətləri yüksək qiymətləndirir. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Cari ilin fevralından Aİ ilə yeni tərəfdaşlıq sazişi üzrə fəal danışıqlar davam etdirilir. Azərbaycan tərəfi ümid edir ki, bu danışıqlar tezliklə başa çatacaq və əməkdaşlığı davam etdirmək üçün yeni imkanlar yaradacaq.

Aİ və onun üzv dövlətləri Azərbaycanın əsas ticarət və investisiya tərəfdaşlarıdır. Azərbaycanın ticarətinin təqribən 50 faizini üzv ölkələrlə olan ticarət təşkil edir. Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb. Eyni zamanda, Azərbaycan Aİ üzvü olan 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələrini qəbul edib.

Bundan başqa, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq üçün böyük potensial var. Belə ki, dəyəri 40 milyard ABŞ dollarından artıq olan və Azərbaycandan Avropa bazarlarına nəql etməyə imkan verəcək "Cənub Qaz Dəhlizi" layihəsi Avropanın enerji təhlükəsizliyini təmin edəcək. Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanın təşəbbüskarı olduğu "Cənub Qaz Dəhlizi"nə dəstək verir, layihə həm də Avropa maliyyə institutları tərəfindən maliyyələşdirilir.

Belə bir şəraitdə Avropa İttifaqının ATƏT-dəki nümayəndəliyinin münasibətlərin indiki ab-havasına, səviyyəsinə uyğun olmayan mövqeyi onun təşkilatı qarşıdurma və ittihamlar üçün bir platforma kimi gördüyünü deməyə əsas verir. Ümumiyyətlə, Aİ nümayəndəliyinin hansı məqsədlə belə mövqe tutduğu, hansı qüvvələrə xidmət etdiyi aydın deyil. İstər-istəməz, sual yaranır: əgər Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyirsə, o zaman qurumun ATƏT-dəki nümayəndəliyinin niyyəti nədir?

Bütün bunlara rəğmən, Azərbaycan tərəfi hər zaman dialoqa hazır olduğunu bəyan edir və bu istiqamətdə zəruri addımların atılacağına ümid edir.

Bəxtiyar Hacıyev   Trend

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində