Portağal və alma şirəsinin faydası


Digərləri 18 Dek 2017 21:05:00 226 0

Portağal və alma şirəsinin faydası

Şirələr orqanizmdə çox tez həzm olunur və mənimsənilir. Həzmetmə sistemi minimum enerji sərf etməklə həmin prosesi bir neçə dəqiqəyə həyata keçirir, şirələr orqanizmin hüceyrə və toxumalarını ən yaxşı və münasib üsulla ən vacib element və vitaminlərlə təchiz etməyə qadirdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, portağal şirəsinin tərkibindəki karotin maddəsi ona sarı və qırmızı rəng verir, güclü antioksidant təsirə malikdir, şişlərin yaranmasına və inkişafına mane olur. Amerikalılar səhər, günorta və axşam yeməyindən əvvəl təzə portağalın şirəsini içirlər. Həkimlər hesab edirlər ki, həmin şirə ən güclü antikanserogen təsirə malikdir.

Portağal şirəsinin tərkibində yüksək miqdarda C vitamini olduğu üçün qış vaxtı profilaktik və müalicə məqsədilə soyuqdəymə və avitaminoz xəstəliyi zamanı əvəzsizdir. O, tonusu yüksəldir, yorğunluğu aradan qaldırır və qan damarlarını möhkəmləndirir. Həkimlər ateroskleroz və hipertoniya, habelə qaraciyər xəstəlikləri zamanı portağal şirəsi içməyi məsləhət görürlər. Portağal şirəsi bakteriyanı öldürür, immuniteti qaldırır, artıq çəkini azaldır. Onda orqanizmi xolesterindən azad etmək və peristaltikanı normallaşdırmaq keyfiyyəti də var. Lakin mədə və onikibarmaq xorası, bağırsaqlarda pozğunluq və qastrit zamanı şirədən imtina etmək lazımdır.

Alma şirəsi aşağı kalorilidir, tərkibində çoxlu dəmir olduğuna görə qanazlığında xeyirlidir və böyrək daşlarının xaric edilməsinə səbəb olur, orqanizmi şlaklardan təmizləyir. Alma şirəsi qaraciyər və bronxlarda problemi olanlar üçün çox faydalıdır. Piylənmə zamanı 100 qram alma şirəsi, 50 ml yemiş şirəsi, 5 ml pomidor şirəsi və 25 ml limon şirəsi qarışığından istifadə edirlər. Şirə qanazlığı və avitaminoz zamanı qəbul edilir.