"Müdafiə və xüsusi təyinatlı məmulatların istehsal həcmində artım əldə olunub"


Digərləri 17 Dek 2017 09:48:00 336 0

"Müdafiə və xüsusi təyinatlı məmulatların istehsal həcmində artım əldə olunub"

Cari ildə də Müdafiə Sənayesi Nazirliyi tərəfindən qarşıya qoyulan vəzifələrin icrası təmin edilib.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycan qəzetində işıq üzü görən "Azərbaycanın müdafiə sənayesi ən modern və mükəmməl inkişaf mərhələsindədir" məqaləsində yazıb.

Y. Camalov bildirib ki, cari ilin 11 ayının yekunlarına görə respublikanın güc strukturlarına təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 faiz artıb. Müdafiə və xüsusi təyinatlı məmulatların istehsal həcmində ötən ilin müvafiq dövrünə nisbətən 6,5 faiz artım əldə olunub. Bu artım ixrac əməliyyatları hesabına təmin edilib. İstehsal olunan ümumi məhsulun tərkibində həmin məmulatların payı 91,5 faiz təşkil edir. Müdafiə sənayesi naziri qeyd edib ki, 2007-ci illə müqayisədə 2016-cı ildə ümumi məhsul istehsalının həcmi 6,7 dəfə, müdafiə təyinatli məmulatların həcmi isə 42 dəfə artıb. Ümumilikdə, istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı artaraq 213-dən 1200-ə çatıb: "Cari ildə də yeni nəsil silah növlərinin istehsalı ilə bağlı dövlət başçısının verdiyi tapşırıqların icrası istiqamətində məqsədyönlü işlər davam etdirilib. Həmin layihələr sırasında yeni nəsil təsir gücü artırılmış qəlpəli-fuqaslı və daha təkmilləşdirilmiş kumulyativ başlıqlı pilotsuz uçuş aparatlarını, Azərbaycanın milli məhsulu olan "Tufan" zirehli maşınını və digərlərini göstərmək olar".