Yağış bel və oynaq ağrılarını artırır


Digərləri 16 Dek 2017 23:40:00 354 0

Yağış bel və oynaq ağrılarını artırır

Qədim yunanlar hələ 2500 il bundan əvvəl yazırdılar ki, yağışlı havalarda insanların "oynaq və sümüklərindəki" ağrılar güclənir. Amma indi Harvard Universitetinin apardığı yeni araşdırma bu qədim təsəvvürü alt-üst edib.

Bu barədə Britaniyada çıxan tibb məcmuəsi - British Medical Journal (BMJ) yazır.

Son.az musavat.com-a istinadən bildirir ki, alimlər bu məsələdə tam əminlik əldə etmək məqsədilə 2008-ci ildən 2012-ci ilədək sahə həkimlərinə müraciət edərək 1, 5 milyon ABŞ pensiyaçısının xəstəlik tarixlərini öyrəniblər.

Xəstəlik tarixlərinə əsasən, yağışlı günlərlə oynaq və bel ağrısı ilə bağlı müraciətlər arasında hər hansı əlaqənin olub-olmadığı araşdırılıb və heç bir əlaqə aşkar olunmayıb.

Alimlərin fikrincə, bu araşdırma o qədər geniş olub ki, yağışla oynaq ağrıları arasındakı hər hansı əlaqə mütləq üzə çıxmalıydı.

Harvard Tibb Məktəbinin professoru Anupam Jena bildirib ki, "neqativ şeyləri isbat etmək həmişə çətin olur".

Alim yarızarafat bunu da qeyd edib ki, "beləliklə, oynaqlarımızın çox pis sinoptik olduğu üzə çıxıb".

Maraqlıdır ki, tutqun hava ilə oynaqların ağrısı arasında əlaqənin olmasına dair inam yüzilliklərdən aşaraq gəlib. Bəzi adamlar hətta özlərinin oynaq ağrısına əsasən yağış və ya qar yağacağının proqnozunu verirlər.

Bu yanlış inancı bir sıra kiçik elmi araşdırmalar da dəstəkləyib.