Bakıda yeni il yarmarkaları: alışveriş edən kim, şəkil çəkdirən kim… FOTO


Digərləri 16 Dek 2017 20:18:00 297 0

Bakıda yeni il yarmarkaları: alışveriş edən kim, şəkil çəkdirən kim…  FOTO

Yeni il ərəfəsində yolka və bəzək əşyalarına tələbat artdığından, paytaxtda müxtəlif ünvanlarda bayram yarmarkaları təşkil olunub. Küçələrdə pərakəndə satışın qarşısını almaq və bazar qiymətinə nisbətən ucuz mallar təqdim etmək məqsədilə yaradılan yarmarka çadırları "Elmlər Akademiyası, "28 May", "İnşaatçılar", "Nəriman Nərimanov" və digər stansiyaların qarşısında qurulub.

Ən çox alış-veriş edilən yarmarkalardan biri "28 May" metro stansiyasının qarşısındakı yarmarkadır. Səhər saatlarından açılan çadırda alver gecə saat 12-yə qədər davam edir. Satıcılar da müştəri bolluğundan razılıq edirlər.

"Hər iki müştəridən biri alış-veriş edir" - satıcı

"Alıcı yaxşıdır, narazılığımız yoxdur. Satdıqlarımız hazırda ən çox tələbat olan mallar olduğuna görə, demək olar ki, hər iki nəfərdən biri alış-veriş edir. Qiymətlərimiz də münasibdir", - deyə Yusif adlı satıcı deyir.

Son.az virtualaz.org-a istinadən bildirir ki, yarmarkada ən çox satılan mallar yolka oyuncaqları, zər və işıqlardır. Müştərilər ucuz mal axtardığından daha çox tək-tək satılan oyuncaqlara üstünlük verirlər. Onların qiymətləri isə 60-70 qəpikdən başlanır, 2,5-3 manata qədər davam edir.

Satıcılar deyirlər ki, yolka işıqlarının qiymətləri ölçülərinə və rəngarəngliyinə görə fərqlənir. Keyfiyyət isə demək olar ki, hamısında eynidir - Çində istehsal olunub. 5 metrlik işığın qiyməti 3, 10 metrlik işığın qiyməti isə 5 manatdan başlanır. Şam ağacı da ən çox satılan mallar sırasındadır. Qiymətləri isə ölçülərindən asılı olaraq 8-10 manatdan başlayır. Satıcılar alış-veriş səviyyəsindən razı qalsalar da, yarmarkada tez-tez oğurluq hallarının baş verdiyini deyirlər. Müştəri çox olduğundan, qələbəlik yaranır, nəticədə isə bundan istifadə edərək kiçik əşyaları oğurlayırlar.

"İnşaatçılar" metro stansiyasının yaxınlığındakı yarmarkada da eyni alıcı bolluğu ilə qarşılaşdıq. Satıcılar ən çox yolka oyuncaqları, şar və yeni ilə aid suvenirlərin daha çox satıldığını deyirlər. 2 manatdan başlanan suvenir qiymətləri 20 manata qədər davam edir. Amma bahalı hədiyyələrin alıcıları demək olar ki, yoxdur.

"Keyfiyyətsiz oyuncaqlar çoxdur, seçmək lazım gəlir"

Alıcılar yarmarkada qiymətlərin digər mağazalardan ucuz olduğunu deyirlər. Məslən, Xuraman Yusifova adlı alıcı yarmarkadan 40 manatlıq bazarlıq etdiyini deyir. Onun sözlərinə görə, bu, mağazada ona ən az 50-60 manata başa gələrdi: "Yolka bəzəkləri - oyuncaqlar, zər, işıqlar, uşaqlara şaxta baba maskaları, suvenirlər, fişənglər aldım. Bu bazarlığı mağazadan etsəydim, ən azı 50-60 manat xərcləyəcəkdim. Adi qar dənəciyində belə mağazadakı qiymətlərlə müqayisədə 20 qəpik fərq var. Hətta bir mağazada 20 manata gördüyüm, üzərində yeni il aksessuarları olan masa örtüyü burada 7 manatdır. Fərq çox böyükdür. Amma keyfiyyətsiz oyuncaqlar da çoxdur, seçmək lazım gəlir", - deyə alıcı bildirir.

Fəvvarələr meydanında xeyriyyə məqsədilə təşkil olunan "Soyuq əllər, isti ürək" yarmarkasına da baş çəkdik. "Nargis Fund"un təşkilatçılığı ilə keçirilən yarmarka gələn il yanvar ayının 15-dək davam edəcək.