Əhməd Bakıxanovun 125 illik yubiley gecəsi keçirildi FOTO


Kriminal 15 Dek 2017 19:00:00 375 0

Əhməd Bakıxanovun 125 illik yubiley gecəsi keçirildi  FOTO

Dekabrın 14-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Əməkdar müəllim, ictimai xadim, görkəmli tarzən Əhməd Bakıxanovun 125 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

Tədbirdə tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. 

Beynəlxalq  Muğam Mərkəzinin foyesində sənətkarın  Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin  arxiv fondunda saxlanılan şəkillərindən ibarət sərgi  nümayiş olunub.

Daha sonra Əhməd Bakıxanovun ifasında Azərbaycan Televiziyasının "Qızıl  fondu"nda qorunub saxlanılan "Xaric segah","Şur" muğamları və haqqında çəkilən filmlərdən parçalar  videoçarx vasitəsilə tamaşaçılara təqdim olunub.

Tədbirin aparıcısı, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov sənətkarın həyat yolundan və Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhvələrdən danışıb, tarın bir musiqi  aləti kimi  yaranmasından və Azərbaycan çalğı musiqi alətləri sırasında tutduğu məqamdan, bu gözəl və xalqımızın ən çox sevdiyi musiqi alətinin  uzaq və yaxın keçmişindən söhbət açıb. O, qeyd edib ki, Azərbaycan musiqi mədəniyyəti, tar ifaçılıq sənəti bu gün böyük müəllim, görkəmli ifaçı Əhməd Bakıxanovun da yaradıcılığından bəhrələnir.

Qeyd edildi ki, Əhmədxan Bakıxanov ilk təhsilini İranda almış, burada ustad tarzənlərdən tar ifaçılığının və muğamatın sirlərinə dərindən yiyələnmiş, 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə çalmış,eyni zamanda  müəllimlik etmiş, bir sıra görkəmli tarzənlər yetişdirmişdir. 1930-cu ildın Üzeyir Hacıbəyovun dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında muğamdan dərs demişdir.

Azərbaycan radiosunun nəzdində ilk xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri də məhz Əhməd Bakıxanov olmuşdur. 1973-cü ildən həmin ansambl Əhməd Bakıxanovun adını daşıyır. 

Bu ansambl bir çox görkəmli xanəndələri - Cabbar Qaryağdıoğlunu, Seyid Şuşinskini, Hüseynqulu Sarabskini, Zülfü Adıgözəlovu və b. müşayiət etmiş, geniş konsert proqramları ilə çıxış etmişdir. Azərbaycan xalq musiqisinin, xüsusilə muğamların təbliğində tarzən Əhmədxan Bakıxanovun rolu böyükdür.

Tədbirdə Xalq artisti Əlibaba Məmmədov, Teymur Mustafayev,  Əməkdar artist Vamiq Məmmədəliyev, tarzən, vaxtilə Əhməd Bakıxanovan tar ifaçılığının sirlərini öyrənmiş  Firudin Ələkbərov   sənətkar haqqında öz xatirələrini bölüşdülər.