Milli Məclis MSK-ya deputatları cəzalandırmaq hüququ verən layihəni qəbul edib


Digərləri 15 Dek 2017 16:48:40 173 0

Milli Məclis MSK-ya deputatları cəzalandırmaq hüququ verən layihəni qəbul edib

Seçki Məcəlləsinə bununla bağlı dəyişiklik olunub

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatın etik davranış qaydalarını pozduğuna görə cəzalandırılması səlahiyyətinin Mərkəzi Seçki Komissiyasına (MSK) verilməsi təklifinə baxılıb.

“Report”un xəbərinə görə, Seçki Məcəlləsinə bununla bağlı dəyişiklik edilib.

Məcəllənin hazırki 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi) maddəsinə əsasən, Konstitusiyanın 89-cu (Azərbaycan Milli Məclisi deputatlığından məhrumetmə və Milli Məclisin deputatlarının səlahiyyətlərinin itirilməsi) maddəsinin I hissəsinin 2-ci (Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə), 4-cü (dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), 5-ci (özü imtina etdikdə) bəndlərdə göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərarı Mərkəzi Seçki Komissiyası qəbul edir.

Dəyişikliyə əsasən, Məcəlləyə 6-cı (Bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin (Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər) tələbini pozduqda), 7-ci (deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda) bəndlər də əlavə edilib. Bu bəndlərdə göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərarı da MSK qəbul edəcək. MSK-nın qərarından müvafiq məhkəməyə şikayət verilə bilər.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.