Zola: "Parma"da keçirdiyim ilk illərdə karyeramın ən yaxşı futbolunu oynayırdım" - MÜSAHİBƏ


İdman 15 Dek 2017 16:46:00 272 0

Zola: "Parma"da keçirdiyim ilk illərdə karyeramın ən yaxşı futbolunu oynayırdım" - MÜSAHİBƏ

İtaliya futbolunun tanınmış simalarından olan Canfranko Zola UEFA-nın saytına müsahibə verib. Goal.az italyan mütəxəsisin müsahibəsini təqdim edir.

- Yəqin ki, Neapolda xoş emosiyalar keçirirsiniz?

- Əlbəttə, bura mənim üçün xüsusi şəhərdir. Neapolda peşəkar futbola başladm, oyunçu kimi yetişdim. Hər zaman bu şəhərə gəlmək xoşdur.

- 1989-cu ildə C Seriyasında çıxış etdiyiniz halda 1990-cu ildə Avropa Çempionlar Liqasında meydana çıxmışdınız. Həmin anda hansı hissləri yaşadınız?

- Hisslərimi bir neçə sözlə ifadə etmək çətindir. Futbol mənim üçün hər şeydir. A Seriyasından oynamaq arzumun reallaşması inanılmaz idi. Bundan sonra başıma gələnlər də möhtəşəmdi. Bəxtim gətirdi ki, "Napoli"yə gəldim. Orda çox şey öyrənmişəm.

- Diyeqo Maradona ilə birlikdə oynamışdınız. Onunla münasibətiniz necədir?

- Diyeqo ilə çox yaxınam. Xüsusən karyeramın ilk illərində ondan çox şey öyrənmişəm. Qeyri-obyektiv görünə bilər, amma onu tarixin ən yaxşı futbolçusu hesab edirəm. Maradona haqqında xeyli əhvalat danışa bilərəm. Məşqdən sonra qalıb onunla cərimə zərbələri və ya qapıya zərbələr üzərində çalışmaq mənə xoş idi. O, məni və digər komanda yoldaşlarını ruhlandırırdı. Mənim üçün həmin anlar çox əhəmiyyətli idi. Çünki bunların sayəsində futbolçu kimi yetişmişdim

- "Napoli"dən sonra "Parma"da çıxış etdiniz...

- Orda Tomas Brölin və Jorj Qrün kimi əla futbolçular vardı. Komanda həmin vaxtlar İtaliyada ən yaxşı futbol nümayiş etdirirdi. Fikrimcə, mən də "Parma"da keçirdiyim ilk illərdə karyeramın ən yaxşı futbolunu oynayırdım. Məşqçi məni yarımmüdafiənin mərkəzindən hücuma keçirdi. Öndə Faustino Asprilya ilə tandem təşkil edirdik. Mövqe dəyişməyi yaxşı bacarırdım. Bu, inkişafıma kömək etdi. İtaliya millisinə məhz "Parma"da dəvət aldım.

- 1993/94 mövsümündə "Parma" Kuboklar kubokunun finalında "Arsenal"a uduzmuşdu..

- Biz aşkar favorit olduğumuza görə məğlubiyyət çox ağrılı idi. Finalda, bəlkə də, mövsümün ən pis oyununu göstərdik. Mən də daxil olmaqla, komandanın əksər üzvləri imkanlarından aşağı səviyyədə çıxış etmişdi. "Arsenal"ın bəxti də gətirdi. Onlar qol vurandan sonra oyun boyu müdafiə olundular. Həmin mövsüm uğursuzluqla üzləşsək də, sonrakı illərə möhkəm təməl atdıq.

- 1995-ci ildə UEFA Kubokunun finalında "Parma" "Juventus"la qarşılaşdı. Siz autsayder hesab olunsaz da, qalib gəldiniz. Bunu nə ilə izah edərdiniz?

- Möhtəşəm mövsüm alındı. UEFA Kuboku və İtaliya kubokunun finalında "Juventus"a qarşı oynamış, həmçinin skudetto uğrunda Turin klubu ilə mübarizə aparmışdıq. UEFA kubokunun finalında ilk oyunu Dino Baconun qolu ilə 1:0 qalib başa vurduq. Məhsuldar ötürməni mən vermişdim. Cavab görüşündə "Juventus" qol vurdu, amma hesabı bərabərləşdirdik. Qalan vaxtda lazımınca müdafiə olunaraq titula sahib çıxdıq.

- Həmin "Parma"nın özəlliyi nədə idi?

- Baxımlı futbol oynayırdıq. Biz 3-5-2 sxemindən istifadə edir, ispan klubları kimi oynamağa çalışırdıq : topa nəzarət edir, geridən hücumlar qururduq. Müdafiədə mərkəz yarımmüdafiçilərinə bənzəyən Qrün və Nestor Sensini vardı. Komanda hücuma meyil göstərirdi.

- "Chelsea" klubuna transferinizdə Karlo Ançelotti ilə gərgin münasibətin rolu vardı?

- Çoxları hesab edir ki, Karlo ilə aramızda fikir ayrılığı vardı. Amma belə deyildi. İtaliya AVRO-96-da yaxşı çıxış etmədi, yeni mövsümə pis başladım. "Parma" oyun tərzini dəyişdi. Mən də yeni mövqedə oyuna uyğunlaşmalı oldum. Bu, planlarıma daxil deyildi. "Parma"dan getmək vaxtı yetişmişdi. Mənə yeni stimul lazım idi. "Chelsea" ideal variant idi. Orda uzun vaxt forma geyindim.

- Yeni ölkə və komandaya tez uyğunlaşdınız?

- Bəli, "Chelsea"də Di Matteo, Vialli kimi italyanlar çıxış edirdi. Komanda daxili atmosfer əla idi. Bu, "Chelsea" və futbolçuların ən güclü tərəfi idi. İngilis oyunçular və legionerlər arasında qarşılıqlı anlaşma yüksək səviyyədə idi. Yaxşı kollektiv yaratmışdıq. Şəxsən mən, İtaliyada keçirdiyim çətin mövsümdən sonra gözəl ortam qazandım. Başqa çempionat üçün də dəyərli olduğumu sübut etdim.

- Vialli əvvəlcə komanda yoldaşınız, daha sonra məşqçiniz oldu. Bunu necə qəbul etdiniz?

- Asan olmadı. Zarafatlaşıb güldüyün komanda yoldaşın birdən-birə məşqçinə çevrilir. Lakin Luka işinin öhdəsindən layiqincə gəlirdi. Yeni statusa keçməkdə biz də ona dəstək verdik.

- Roman Abramoviç erasının başlanmasına qədər "Chelsea"nin Çempionlar Liqasına vəsiqə qazanmasına kömək etdiniz. 1999/00 mövsümü xatirənizdə necə qalıb?

- Həmin vaxt çempion "Arsenal"dan 4 xal geri qalaraq Premyer Liqada 3-cü yeri tutduq. Bu, Çempionlar liqasının təsnifat mərhələsində oynamağa imkan yaratdı. Mövsümün əvvəlində Pyerluici Kaziraqinin xidmətindən məhrum olduq. Qrup mərhələsinə pis başladıq. Ola bilsin, yeni turnirə hələ alışmamışdıq. Amma oyundan oyuna artırdıq və 1/4 finala çıxdıq. Bu mərhələdə "Barcelona" qarşımızı kəsdi. Katalon klubuna qalib gəlsəydik, final oynaya bilərdik.

- "Napoli"nin üzərinə qayıdaq. Komanda skudettonu qazanmağa hazırdır?

- Komandanın imkanları genişdir. "Napoli" yetkin və mütəşəkkil oyun göstərir. Qazanılan nəticələri haqq edir. Həlledici faktor baş məşqçi Maurisio Sarrinin kadrlarla işləmək bacarığı olacaq. Avrokuboklar və İtaliya çempionatında tələblər böyükdür. "Napoli"nin heyəti isə "Juventus" qədər dərin deyil. Ümid edirəm, Sarri heyəti yüksək funksionallıq və psixoloji səviyyədə saxlayacaq. "Napoli" skudettonu qazanmağa layiqdir.

- Sarri nəyə görə İtaliyada xüsusi məşqçi sayılır?

- Onun komandaları özünəməxsus üsluba malikdir. "Napoli"nin nəyə nail olacağını bilmirəm, amma komanda əla oynayır. Bunun özü bir uğurdur və Sarrinin zəhmətinin bəhrəsidir.

- Neapol klubunun tarixində ən sərrast futbolçu Maradona olsa da, onun rekordunu Marek Hamşik təzələmək üzrədir. Bu komandanın kapitanı haqqında nə düşünürsünüz?

- Hamşik oyuna həlledici təsir göstərən futbolçudur. O, tez-tez vacib qollar da vurur. Hamşikin oyunu mənə Pol Skoulz və Dino Baconun "Parma"dakı vaxtlarını xatırladır.

- Son vaxtlar "Napoli"nin hansı futbolçusu ən çox inkişafa nail olub?

- Elə hamısı. Futbolçuların şəxsiyyət kimi inkişafı və topla daha yaxşı işlədiyini görmək çətin deyil. Düzdür, indi Dris Mertens və Lorenzo İnsinye ön plana çıxıb. Amma mən ümumilikdə komandanın artırdığını müşahidə edirəm.