İlham Əliyev: “Sumqayıt Kimya Sənaye Parkına ümumilikdə 2,7 mlrd. dollar sərmayə qoyuluşu nəzərdə tutulur”


İqtisadiyyat 15 Dek 2017 15:53:26 325 0

İlham Əliyev: “Sumqayıt Kimya Sənaye Parkına ümumilikdə 2,7 mlrd. dollar sərmayə qoyuluşu nəzərdə tutulur”

Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatdırılacaq

Hazırda Sumqayıt Kimya Sənaye Parkının 15 rezidenti var. Əgər inşası davam edən bütün layihələri də nəzərə alsaq, ümumilikdə 2,7 mlrd. dollar sərmayə qoyuluşu nəzərdə tutulur.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Parkda yeni müəssisələrin təməlqoyma və açılış mərasimlərində deyib.

Dövlət başçısı həmçinin bildirib ki, Azərbaycanda xalçaçılığın inkişafına da çox böyük diqqət göstərilir və qısa müddət ərzində 10 xalça fabriki açılıb: “Gələn il də 10 fabrik açılacaq və bütövlükdə otuz xalça fabrikinin yaradılması nəzərdə tutulur”.

Sumqayıt Kimya Sənaye Parkında təməli qoyulmuş siqaret fabriki barədə də danışan İ.Əliyev müəssisənin ilkin mərhələdə daxili tələbatın azı 50%-ni ödəyəcəyini deyib: “Əminəm ki, gələcəkdə biz daxili tələbatımızı 100 faiz ödəyəcəyik və eyni zamanda, xarici bazarlara ixrac edəcəyik”.

Bundan başqa, dövlət başçısının sözlərinə görə, Parkın digər rezidentləri də nəzərə alınarsa, bu, dünya miqyasında böyük bir sənaye mərkəzi sayıla bilər: "Hazırda “SOCAR Polymer” və karbamid zavodlarının tikintisi davam edir. Bu iki layihənin ümumi sərmayə həcmi 1,7 mlrd. ollardır. Bu, bizə imkan verəcək ki, həm yerli istehsalı, yerli xammalı təmin edək, həm də ki, böyük ixrac imkanları yaradaq".

Prezident onu da qeyd edib ki, hazırda Sumqayıt Kimya Sənaye Parkında 8 mindən çox insan işləyir və gələcəkdə bu rəqəm daha da artacaq.